Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı Təşkilatı Gənclər Forumunun Baş Koordinatoru Leyla Əliyevanın təşəbbüskarı olduğu “Xocalıya ədalət” kampaniyası çərçivəsində Xocalı soyqırımı ilə bağlı həqiqətlərin Koreya ictimaiyyətinə çatdırılması məqsədilə 24 fevral 2015-ci il tarixində Azərbaycan Respublikasının Koreya Respublikasındakı Səfirliyinin dəstəyi və “Buta” Azərbaycan-Koreya Dostluq Mübadiləsi Assosiasiyasının təşkilatçılığı ilə növbəti təbliğat kampaniyası keçirilmişdir.
Təbliğat kampaniyası çərçivəsində Koreyada təhsil alan azərbaycanlı tələbələr və koreyalı gənclər Koreya Respublikasının paytaxtı - Seul şəhərinin mərkəzi küçələrində üzərində “Xocalıya ədalət” yazılmış böyük ölçülü plakat və üzərlərində inqilis dilində “Justice for Khojaly” yazılmış geyimləri ilə şəhər sakinlərinin diqqətini Ermənistan tərəfindən Xocalının dinc azərbaycanlı əhalisinə qarşı törədilmiş vəhşiliklərə çəkmiş, soyqırımı əks etdirən fotolar nümayiş etdirmiş və qətliam haqqında Koreya dilində nəşr olunmuş broşürlər paylamışlar.
Tədbir zamanı şəhər sakinlərinin Xocalı faciəsinə dair çoxsaylı sualları tələbələrimiz tərəfindən cavablandırılmış, soyqırım haqqında məlumat verilmişdir.
Kampaniyanın təşkilatçısı olan “Buta” Azərbaycan-Koreya Dostluq Mübadiləsi Assosiasiyasının üzvləri "Xocalıya ədalət" beynəlxalq təbliğat və məlumatlandırma kampaniyası çərçivəsində ölkəmizə qarşı edilən bu ədalətsizliyin Koreya ictimaiyyətinə çatdırılması istiqamətində işlərin bundan sonra da davam etdiriləcəyini bildirmişlər.
2009-cü ildən fəaliyyət göstərən “Buta” təşkilatı 2015-ci ilin fevral ayında qeyri-hökumət təşkilatı kimi rəsmi olaraq Koreya Respublikasında qeydiyyatdan keçmişdir və sözügedən təbliğat kampaniyası təşkilatın ilk tədbiridir.
Mənbə: ANS PRESS