Azərbaycanda uşaqların internet vasitəsi ilə aldadılmasının, insan alverinə, narkomaniyaya cəlb edilməsinin qarşısı yeni üsulla alınacaq.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən Trend-ə bildirilib ki, uşaqların internetlə insan alverinə, narkomaniyaya cəlb edilməsinin qarşısını almaq, onların beyninin sağlamlığının müdafiəsini təmin etmək üçün xüsusi proqram təminatının hazırlanmasına başlanılıb. Artıq proqram təminatının nəzəriyyəsi, strukturu hazırdır. Proqram təminatının texniki komponentlərinin təkmilləşdirilməsi işləri bu il ərzində aparılacaq. Əgər müvafiq büdcə ayrılsa, gələn ildən bu proqramın istifadəsi planlaşdırılır: “Uşaqların bütün sahələrdə internet vasitəsi ilə aldadılmasına, onlardan sui-istifadə edilməsi hallarına son qoyulmalıdır. Buna görə də proqram hazırlanarkən bütün əmsallar - insan alveri ilə mübarizə, uşaqların internet vasitəsilə narkomaniyaya cəlb edilməsinin qarşısının alınması nəzərə alınıb. Proqram təminatı uşaqların beyninin sağlamlığını müdafiə etmək üçün pornoqrafik sözlərdən istifadənin də qarşısını alacaq. Bu gün uşaqlar arasında intihar halları da aktualdır. Bu proqram təminatı həm də uşaqların intihar hallarının qarşısını almağa yönələn tədbirlərdəndir. Proqram təminatı eyni zamanda, yalnız aldadılma deyil, uydurma, tamahkarlıq məqsədi ilə uşaqlardan istifadə etmə ilə bağlı həyata keçirilən qanunsuz tədbirlərin də qarşısının alınmasına kömək edəcək”.
Komitədən bildirilib ki, valideynlər bu proqramları kömpüterlərinə pulsuz yazdıra və istifadə edə biləcəklər: “Bunlar olduqdan sonra uşaqlar kompüterə öz “açarları” ilə daxil olacaqlar. Bunun da əsasında saytlarda, forumlarda hər hansı danışıqlar aparıldıqda, yaxud sorğu verildikdə buna nəzarət ediləcək. Xüsusi komponentləri əhatə edən sözlər aşkarlandıqda bu barədə mərkəzi bazaya siqnal veriləcək, sorğu da, danışıqlar da dayandırılacaq”.
Komitədən əlavə edilib ki, proqram təminatının getdikcə daha da təkmilləşdirilməsi və əhalinin digər qruplarının ondan istifadəsinə şərait yaratmaq planlaşdırılır: “Büdcə təminatı istənilən səviyyədə olsa, əhalinin bütün təbəqələri internet vasitəsilə ondan istifadə edə bilərlər. Amma bugünkü reallıq nəzərə alındığından proqram ilkin formada yalnız uşaqlar üçün nəzərdə tutulur”.
Komitə hesab edir ki, bütün bu məsələlərə nəzarət etmək üçün ayrıca struktur yaradılmalıdır. Bunun üçün də komitə bu sahədə xüsusi şöbənin yaradılmasını təklif edir: ”Çünki buna nəzarət edən əməkdaşlar olmalıdır. Bunun üçün də bir sektor, yaxud şöbə yaradılmalıdır. Eyni zamanda, bunun həlli üçün maliyyənin ayrılması vacibdir”.
Mənbə: Milli.Az