Qadin.NET / "Azərbaycan və Türkiyə arasında mövcud birlik bölgədə sabitliyin təminatçısıdır"

"Azərbaycan və Türkiyə arasında mövcud birlik bölgədə sabitliyin təminatçısıdır"

 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 25-də Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, dövlətimizin başçısı xarici işlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin Azərbaycan-Türkiyə əlaqələrinin daha da genişləndirilməsi işinə yeni təkan verəcəyinə əminliyini bildirdi. Türkiyəyə dövlət səfərinin və Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının növbəti iclasının uğurla keçdiyini məmnunluqla xatırlayan Prezident İlham Əliyev səfər zamanı birgə fəaliyyətlə bağlı gələcək planların müzakirəsinin önəmini qeyd etdi. Türkiyə-Azərbaycan əlaqələrinin xalqlarımız və region, eləcə də dünya üçün çox böyük əhəmiyyətə malik olduğunu deyən dövlətimizin başçısı ölkələrimiz arasında mövcud birliyin bölgədə sabitliyin təminatçısı olduğunu da vurğuladı.
Mövlud Çavuşoğlu Türkiyə Respublikasının xarici işlər naziri kimi ilk rəsmi səfərini Azərbaycana etməsindən məmnunluğunu bildirdi. O, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Baş nazir Əhməd Davudoğlunun salamlarını dövlətimizin başçısına çatdırdı. Mövlud Çavuşoğlu Prezident İlham Əliyevin Türkiyəyə dövlət səfərinin və Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının növbəti iclasının ikitərəfli əlaqələrimizin daha da möhkəmləndirilməsi baxımından önəmini qeyd etdi.
Görüşdə Bakı-Tbilisi-Qars, TANAP layihələri, hərbi-texniki əməkdaşlıq və əlaqələrimizin digər sahələrdə daha da genişləndirilməsi ilə bağlı məsələlərə dair ətraflı fikir mübadiləsi aparıldı.
Dövlətimizin başçısı Prezident Rəcəb Tayyib Ərdoğanın və Baş nazir Əhməd Davudoğlunun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyə Respublikasının Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş etdi.

 

Mənbə: Milli.Az

25 fevral 2015
GO BACK