Tbilisidə “Regional sabitlik kontekstində nüvə və radiasiyanın təhlükəsizliyinin aktual məsələləri" mövzusunda beynəlxalq konfrans keçirilir.
İki gün davam edəcək konfransda bir sıra dövlətlərin, o cümlədən Azərbaycanın, beynəlxalq təşkilatların aidiyyəti qurumlarının nümayəndələri iştirak edirlər.
Gürcüstan xarici işlər nazirinin müavini David Calaqaniya çıxışında deyib ki, nüvə və radiasiya təhlükəsizliyi bütün ölkələri narahat edən ən ciddi problemlərdən biridir. Ona görə də hesab edirik ki, bu məsələ beynəlxalq miqyasda müzakirə olunmalı və birgə həll yolları tapılmalıdır.
Azərbaycan nümayəndə heyətinin üzvü Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin Xüsusi icazə və dövlət reyestri şöbəsinin müdiri Ramin Paşayev “Nüvə təhlükəsizliyi və nüvə silahının yayılmaması üzrə Azərbaycan Respublikasında milli tənzimləyici infrastruktur” mövzusunda təqdimatla çıxış edib. Ölkəmizdə nüvə materiallarının qeydiyyatı, onların istifadəsi ilə əlaqəli fəaliyyətə nəzarət və həmin materialların qanunsuz dövriyyəsinin qarşısının alınması ilə bağlı görülən işlərdən danışıb.
R. Paşayev bu sahədə mövcud olan problemlərə də toxunub. O deyib ki, Azərbaycanın işğal olunmuş ərazilərində nüvə materiallarının miqdarı, onların dövriyyəsi və digər məlumatlar tənzimləyici nəzarətdən kənarda qalıb. Bu problemin həlli üçün işğal olunan ərazilər azad edilməli və Azərbaycan qanunları bərqərar olunmalıdır.
Mənbə: ANS PRESS