Daha bir neçə “Codex Alimentaius” standartının Azərbaycanda tətbiqi planlaşdırılır. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən (SMPDK) Trend-ə verilən məlumata görə, bu gün Dövlət Komitəsində “Codex Alimentaius” Milli Komitəsinin 2015-2017-ci illlər üçün Fəaliyyət Planı və qida məhsulları standartlarının müzakirəsi ilə bağlı iclas keçirilib. İclasda Komitə mütəxəssisləri ilə yanaşı, Səhiyyə və Kənd Təsərrüfatı nazirliklərinin nümayəndələri çıxış edərək dünyanın inkişaf etmiş ölkələrində qida təhlükəsizliyinin ən vacib amillərdən biri olduğunu bildiriblər.
Çıxış edənlər qida məhsulları standartları sırasında “Codex Alimentaius” standartlarının vacibliyini xüsusi vurğulayaraq bu sənədlərin ölkəmizdə tətbiqi imkanları haqqında fikir bildiriblər. Sonra yeni hazırlanmış AZS CODEX STAN 310-2014 “Nar”, AZS CODEX STAN 87-2014 “Şokolad və şokolad məmulatları”, AZS CODEX STAN 152-2014 “Buğda unu”, AZS CODEX STAN 279-2014 “Kərə yağı”, AZS CODEX STAN 33-2014 “Zeytun yağı və cecələrdən çəkilmiş zeytun yağı”, həmçinin “Qida məhsulları. İstehlakçı üçün məlumat. Ümumi tələblər”, “Qida gigiyenasının ümumi prinsipləri - tövsiyə edilən beynəlxalq kodeks” standart layihələri və Milli Komitənin 2015-2017-ci illlər üçün Fəaliyyət Planı müzakirə edilib.
Qeyd edək ki, Nazirlər Kabinetinin 23 iyul 2010-cu il tarixli sərəncamına əsasən, yeyinti məhsullarına dair "Codeks Alimentarius", İSO, HACCP, Avropa İttifaqı standartlarının milli standartlar sisteminə daxil edilməsi sahəsində müvafiq tədbirləri "Codeks Alimentarius" Komissiyasının tövsiyələri ilə əlaqələndirmək Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə həvalə edilib. Bundan irəli gələrək, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi 2 avqust 2010-cu il tarixli əmrlə "Codeks Alimentarius" Komissiyasının standartlarının milli standartlar sisteminə daxil edilməsi sahəsində müvafiq tədbirlərin həyata keçirilməsi məqsədi ilə “Codex Alimentaius” Milli Komitəsi yaradıb, komitənin Əsasnaməsi təsdiq edilib.
Milli Komitə "Codeks Alimentarius" Komissiyasının tövsiyələrinə uyğun olaraq, yeyinti məhsulları üzrə standartların Azərbaycan Respublikasında tətbiqinə dair dövlət hakimiyyəti orqanları və qeyri-hökumət təşkilatları tərəfindən həyata keçirilən fəaliyyətləri əlaqələndirən məşvərətçi orqandır.
Mənbə: Milli.Az