Baş konsul çıxış edərək, Azərbaycan tolerantlıq modelinin bütün dünya üçün nümunəvi bir model olduğunu bildirib və Senatın üzvlərinə belə bir önəmli sənədin qəbuluna görə təşəkkürünü bildirib.
Ştat senatorları tərəfindən yekdilliklə qəbul edilən qətnamədə, Azərbaycanın tarixi tolerantlıq ənənələrinə toxunularaq, burada qədim zamanlardan müxtəlif dini etiqadların, o cümlədən müsəlmanların, yəhudilərin və xristiyanların sülh və əmin-amanlıq şəraitində birgə yaşadığı ifadə olunur. Həmçinin bildirilir ki, hazırda dünyanın müxtəlif bölgələrində dini radikalizm, terrorizm, dözümsüzlük və ksenofobiya kimi halların artdığı bir dövrdə, Azərbaycan özünəxas tolerantlıq təcrübəsi ilə beynəlxalq ictimaiyyət üçün uğurlu bir tolerantlıq modeli təşkil edir.
Eyni zamanda, 2015-ci il may ayında Azərbaycanda keçirilməsi nəzərdə tutulan Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun önəminə yer verilərək bildirilir ki, ABŞ tolerant və dünyəvi dostlarını dəstəkləməli və Azərbaycanın tolerantlıq modelinin bütün dünyada tətbiqinə çalışmalıdır.
Qətnamədə bu sənədin surətlərinin ABŞ Prezidentinə, Dövlət Katibinə, Konqresinə, Nyu Meksikonu Konqresdə təmsil edən Senator və Konqresmenlərə göndəriləcəyi bildirilir.
Bu, ABŞ-da ştatlar səviyyəsində Azərbaycanın tolerantlıq ənənələrinə dair qəbul olunan ilk qətnamədir.
Mənbə: ANS PRESS