Qadin.NET / Şəki-Zaqatala bölgəsində böyük təhlükə

Şəki-Zaqatala bölgəsində böyük təhlükə

 

Şəki-Zaqatala bölgəsində böyük təhlükə

Region çaylarının, Böyük Qafqazın cənub yamacında baş verən sel hadisələrinin xronologiyası və təhlili onu göstərir ki, Azərbaycanda bu cür təbii fəlakətlərin təsirini azaltmaq üçün ardıcıl tədbirlərə ehtiyac duyulur.
Bu barədə məlumat verən Azərbaycan Milli Elmlər Akademiyasının ekoloji coğrafiya şöbəsinin müdiri Yusif Rəhimov bildirib ki, Böyük Qafqazın cənub yamacında yerləşən Şəki-Zaqatala iqtisadi rayonu ölkənin ən təhlükəli daşqın və sellərinin müşahidə olunduğu ərazilərdəndir. İntensiv tektonik proseslər, dağ süxurlarının aşınması, güclü leysan yağışları, həmçinin meşələrin seyrəlməsi və digər amillər ətraf mühitə mənfi təsir göstərir. Bu baxımdan, dağ çaylarında əmələ gələn sel və daşqınlar bölgənin iqtisadiyyatına, təsərrüfat fəaliyyətinə xeyli ziyan vurur.
Şəki Regional Elmi Mərkəzinin “Sellərin öyrənilməsi” laboratoriyasının cari ildən “Ekoloji coğrafiya” şöbəsi kimi fəaliyyət göstərdiyini qeyd edən Y.Rəhimov diqqətə çatdırıb ki, hazırda şöbə tərəfindən 2014-2020-ci illərdə aparılacaq elmi-tədqiqat işlərinin prioritet istiqamətləri üzrə real tədbirlər görülür. Belə ki, laboratoriyada iqlim dəyişmələrinin, Şimal-Qərb bölgəsində təbii dağıdıcı proseslərin və səhralaşmanın tədqiqi ilə yanaşı, Böyük Qafqazın cənub yamacının landşaft qurşaqlarında sel yaradan ocaqların müəyyənləşdirilməsi və fitomeliorativ tədbirlərin aparılması yolları araşdırılır, müvafiq tövsiyələr hazırlanır.

 

Mənbə: ANS PRESS

24 fevral 2015
GO BACK