Qadin.NET / Manat yeni "iş" yerləri açdı

Manat yeni "iş" yerləri açdı

 

Manat yeni "iş" yerləri açdı

Manatın dəyərdən düşməsi daşınmaz və daşınan əmlak bazarını dondursa da, istehlak malllarının qiymətinə təsir göstərmək istəyənlər olub. Günün əvvəllində qiymətlərin artması ajiotajı barədə xəbərlər özünü doğrultmadı. Qiymət artımına cəhdlər olsa da, bu kütləvi xarakter daşımadı!
Manatın dollara nisbətən ucuzlaşması ölkədə istehlak mallarının qiymətilə bağlı müxtəlif cür məlumatların yayılmasına səbəb oldu. İri mağazalarda, marketlər şəbəkələrində apardığımız müşahidələr göstərdi ki, hazırda qiymətlər stabildir və satışda lazımı qədər məhsul var.
Supermarketin icraçı direktoru Zöhrab Zeynalovun sözlərinə görə, marketdə satılan məhsulların qiymətlərində heç bir artım yoxdur: “Hətta bir müddət əvvəl zavod çörəyinin 40 qəpiyə satırdıqsa, son bir həftədə isə 35 qəpiyə satırıq. Mal ətinin əvvələr 6 manat 99 qəpikdən satırdıqsa, son bir həftədə isə 6 manat 39 qəpiyə satırıq”.
Alıcılar da məhsulların qiymətlərində qiymət artımının olmadığını bildirirlər.
Market sahiblərinin sözlərinə görə, son günlərdə vətəndaşlar böyük həcmdə ərzaq məhsulları almağa çalışırlar. Bəzən bu istək, hətta fantastik həddə çatır, məsələn mağazalardan birində bir alıcı 50 kiloqram yağ almaq istəyib. Alıcıların belə aktivliyi isə təbii ki, satışda olan malın həcminin kəskin azalmasına səbəb olur. Alıcıların bu addımına səbəb isə qiymətlərin artacağı ilə bağlı gözləntilərdir. 
Ekspertlərin fikrincə, isə dolların bahalaşması ərzaq bazarına təsir göstərməməlidir. Çünki minimum istehlak zənbilinə daxil olan malların əksəriyyəti Azərbaycanda istehsal olunur.
“Bəzi ərzaq məhsulları var ki, həmin məhsullar tamamən Azərbaycan istehsalıdır. Həmin ərzaq məhsullarına olan tələbat məhz yerli istehsal hesabına ödənilir. Çox təəssüf ki, manatın məzənnəsinin azalmasından iş adamları və işbazlar istifadə edərək qiymətlərdə artımlara gedirlər. Təklif edirik ki, Rusiyada olduğu kimi süni qiymət artımlarının həyata keçirilməsi, sadəcə cərimə və cəzalarla deyil, eləcə də cinayət məsuliyyətinə cəlb edilməklə də tənzimlənsin”, – deyə ekspert Vüqar Bayramov bildirdi.
Ərzaq məhsullarında qiymət artımı nəzərə çarpmasa da, idxal olunan bir sıra məhsulların, məsələn tütün məmulatlarının və spirtli içkilərin qiymətinin artması müşahidə olunur. Amma bir sıra işbazlar baş verən məzənnə dəyişikliyindən istifadə edərək qiyməti süni olaraq artırmağa çalışırlar. 
Məsələn, bir sıra marketlərin bu gün səhərə qədər Azərbaycanda istehsal olunan malların, məsələn ətin və hətta pendirin qiymətini qaldırmağa cəhd ediblər. Bu cür cəhdlərin qarşısı İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən alınıb. Nazirlik süni qiymət artımlarının qarşısını almaq üçün monitorinqlər həyata keçirməyə başlayıb.
Manatın məzənnəsinin düşməsi bazarın bir sıra seqmentlərində qeyri-müəyyənlik yaradıb. Məsələn, avtomobil satışı salonlarında və ikinci əl maşınlar bazarında alıcılar və satıcılar gözləmə mövqeyi tutublar. Onlar qiymətlərin dəyişib-dəyişməyəcəyini gözləyirlər. Oxşar vəziyyət daşınmaz əmlak bazarında yaranıb.
“Satanlar qərarsızdırlar, satsınlar, yoxsa satmasınlar və yaxud da neçəyə satsınlar. Alanlar isə təbii ki, satanların qərarını gözləyirlər. Təbii ki, bazarda vəziyyət aydınlaşana qədər bu halla davam edəcək”, – deyə ekspert Nüsrət İbrahimov bildirdi.
Əhalinin banklarda olan əmanətlərinin dollarla əvəzlənməsində isə heç bir problem yaşanmır. Mərkəzi Bankın sədri Elman Rüstəmov fevralın 17-də dövlət televiziyasının efirində bankların əhalinin manatla olan əmanətlərinin dollara konvertasiyasında heç bir problem olmadığını dedikdən sonra vətəndaşların böyük bir hissəsi banklardakı pullarını Birləşmiş Ştatlar valyutasına keçiriblər. Bu isə ziyan çəkən əmanətçilərin sayının çox az olması deməkdir.

 

Mənbə: ANS PRESS

24 fevral 2015
GO BACK