Manatın dollara qarşı kursunun məlum inflyasiyaya uğraması klublarımızın da maliyyə dayaqlarına təsirsiz ötüşə bilməz.
ANS PRESS xəbər verir ki, fanat.az bir sıra iddialı klublarımızın rəsmiləri ilə bu barədə danışmağa zərurət duyub.
Nəzərə alsaq ki, əcnəbi futbolçular və məşqçilərlə müqavilələr dollara söykənərək, imzalanıb, faktiki olaraq, klublar bir gecənin içində 33% ziyan etdilər. Klub rəsmilərinə ünvanladığımız sual isə belə idi: Əcnəbi futbolçulara məvaciblərinin azaldılması ilə bağlı müraciət edəcəksinizmi?
Nurlan İbrahimov ("Qarabağ"ın mətbuat xidmətinin rəhbəri): Manatın qiymətinin düşməsi əlbəttə ki, təsirsiz ötüşə bilməz. Çalışacağıq ki, yaranmış kəsirləri müəyyən qənaətlər hesabına bağlayaq. Ancaq bütün hallarda zamana ehtiyac var. Nəyin necə olacağını indidən söyləmək çətindi.
Georgi Nikolov ("İnter"in prezidenti): Bəli, bir gecənin içində 33% ziyan etdik. Bu kəsiri necə bağlayacağımızı bilmirəm. Ancaq onu deyə bilərəm ki, başqa çarəmiz yoxdu. Əlbəttə, istərdik ki, futbolçular bizi anlayışla qarşılasın. Lakin etiraf edim ki, onlara heç bu cür təklifi verməyəcəyik də. Niyə? Çünki futbolçuya belə təklif versəm, məni otağımda ayaqlarımdan asılmış vəziyyətdə taparlar. Bütün hallarda biz klub olaraq öhdəlik götürmüşük və bu öhdəliyi yerinə yetirməyə borcluyuq.
Mənbə: ANS PRESS