Azərbaycan Gimnastika Federasiyasından Trend-ə verilən məlumata görə, bu bazar Estoniyanın Tartu şəhərində keçirilən bədii gimnastika üzrə beynəlxalq "Miss Valentine" turnirində Azərbaycan gimnastları 5 qızıl, 5 gümüş və 2 bürünc medal qazanıblar.
Yuniyor Jalə Piriyeva 4 hərəkətin cəminə görə, eləcə də ayrı-ayrı növlər üzrə - halqa, top və gürzlərlə hərəkətlərdə 4 qızıl medal qazanıb.
Gürzlərlə hərəkətdə daha bir qızıl Marina Durundanın hesabındadır. Bundan əlavə, Marina 2 gümüş (çoxnövçülük və halqa) və 2 bürünc (lent və top) medal qazanıb.
Azərbaycanın böyüklərdən ibarət qrup komandası 3 medal sahibi olub: qızlar çoxnövçülükdə, 5 lentlə hərəkətlərdə və gürz-lent kombinasiyasında ikinci olublar.
Səfər qızların yadında həm də onunla qalıb ki, hava şəraitinə görə İstanbul aeroportunda 30 saata yaxın gözləməli olublar.
Digər iki gimnast Gülsüm Şəfizadə və Ayşən Bayramova Moskva aeroportuna müvəffəqiyyətlə çatıblar.
Şəfizadə Moskva "Qran-pri"sində çıxış edərək 4 hərəkətin nəticəsində 7-ci yerdə qərarlaşıb, həmçinin lent və topla hərəkətlərdən sonra finala adlayıb. Ayşən Bayramova isə paralel olaraq keçirilən digər beynəlxalq turnirdə 7-ci yer tutub.
Mənbə: Milli.Az