Manatın məzənnəsində baş verən son dəyişiklikdən sui-istifadə edən sahibkarlar ticarət obyektlərində qiymərləri artıqmaqdadır. Baxmayaraq ki, İqtisadiyyat və Sənaye Nazirliyi süni qiymət artımına gedənlərə qarşı tədbirlər görüləcəyini bəyan etmişdi. Amma bazar günü ticarət obyektlərindəki vəziyyət sahibkarların bu xəbərdarlığa əhəmiyyət vermədiyini göstərir.
Modern.az saytının əməkdaşı bazar günü ticarət obyektlərindəki vəziyyəti müşahidə etmək üçün paytaxtın ayrı-ayrı yerlərindəki dükan və mağazalara, supermarketlərə baş çəkib. Məlum olub ki, bir sıra ticarət obyektləri qapılarını alıcıların üzünə bağlayıb. Satıcılar deyiblər ki, bu, həmin obyektlərdə bütün malların qiymətlərini dəyişdirmək - artırmaq məqsədi daşıyır. Belə ki, bağlı qapılar arxasında malların üstündəki qiymətləri yenidən yazırlar ki, bu mağazalar sabah fəaliyyətə yeni qiymətlərlə başlasınlar.
Metronun “Qara Qarayev”, “Neftçilər”, “Xalqlar dostluğu” stansiyalarına yaxın ərazilərdə, “8-ci kilometr” yaşayış sahəsində, Bakıxanov qəsəbəsi və digər yerlərdə bu cür vəziyyət müşahidə edilib.Qapıları açıq olan ticarət obyektlərində isə bəzi malların qiymətlərində artım gözə dəyirdi.
Məsələn, bir neçə gün əvvəl bir ədədi 7 qəpiyə satılan yumurta fevralın 22-dən əksər mağzalarda 10 qəpiyə təklif olunur. Qənd, şəkər tozu, sabun, yuyucu tozların da qiymətində bir neçə qəpik artım baş verib.
Qiymət artımı məişət əşyaları, mobil telefonlar, tütün məhsulları (siqaret), dərman preparatları ilə də bağlı həyata keçirilib.
Qiymət artımı xaricdən idxal olunan mallarla yanaşı, daxili istehsalın məhsullarında da özünü göstərir. Ticarət obyektlərinin sahibləri, sahibkarlar panikaya düşüblər, kimi vəziyyətdən sui-istifadə edib bilərəkdən qiymətləri qaldırır, kimi də manatın ucuzlaşması zamanı bahalaşmanın labüd olduğu qənətinə düşərək bu addımı atır. Bir sözlə, vəziyyət nəzarətdən çıxır, İqtisadiyyat və Sənaye Nazirliyi süni bahalaşmaya qarşı sözdə deyil, əməldə ciddi tədbirlərə başlamasa, qiymətlər qalxmaqda davam edəcək…
Mənbə: Milli.Az