Cəlilabad rayonunda əkin sahələri sel sularının altında qalıb. Anspress-in məlumatına görə, 3 gündür ki, fasiləsiz yağan qarın tez bir zamanda əriməsi Cəlilabad rayonunda müəyyən çətinliklər yaradıb.Ən təhlükəli durum rayonun Adnalı kəndində yaşanıb. Vəziyyət hətta o həddə çatıb ki, qar suları kəndin nisbətən çökək yerlərində böyük gölməçə də əmələ gətirib. Ərazidə yığılmış su bəndlərin üstündən axaraq digər tərəfə keçir. Bu isə kəndin bir tərəfini digər tərəfi ilə birləşdirən yeganə su bəndində hər an partlamaq təhlükəsi yaradır. Dağlardan əriyərək burada yığılan sel suları tədricən kəndin düzən ərazilərinə doğru hərəkət edir. Həyətyanı sahələrdən axan sel suları ağacların qırılmasına, əkinlərin isə tamamilə yarasız hala düşməsinə səbəb olub.Kənd sakinləri qar əridikcə sel sularının digər təsərrüfatlara ziyan verəcəyindən ehtiyat edərək suyun cəm olduğu yerlərdə süni bəndlər və arxlar yaradırlar.Qeyd edək ki, yağan qar Cəlilabad rayonunun dağlıq ərazilərində 80, düzən ərazilərində isə 30 santimetrə çatıb.
Mənbə: Milli.Az