Azərbaycanda mənzillərin özəlləşdirilməsi zamanı tələb olunan sənədlər sırasına mənzil kirayəsi məqaviləsi də əlavə edilir. ANS TV- nin məlumatına görə, bu Azərbaycan Respublikasında Mənzil Fondunun özəlləşdirilməsi haqqında qanuna dəyişiklik edilməsi barədə qanun layihəsində əksini tapıb. Belə ki, qanunun 8-ci maddəsinə təklif olunan dəyişikliyə görə, mənzilinin özəlləşdirilməsi zamanı mənzil sahəsinin orderi və ya mənzil kirayəsi müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam tələb olunacaq.
Millət vəkili Çingiz Qənizadə qeyd edir ki, mənzilin kirayə verilməsi ilə bağlı müqavilə olduqda vətəndaşlar rahat şəkildə daşınmaz əmlaklarını Dövlət Reyster Xidmətində qeydiyyata aldıra biləcəklər.
Millət vəkili bildirdi ki, qanuna dəyişiklik xüsusi olaraq dövlət müəssələrinin nəzdindəki mənzillərində kirayə müqaviləsi imzalamaqla müvəqqəti yaşayan şəxslərin xeyrinə olacaq. Çünki, artıq özəlləşmiş və mövcud olmayan müəssələrindən ev almış vətəndaşlar rahat şəkildə mənzillərini dövlət reyestrində qeydiyyatdan keçirə biləcək.
İqtisadçı ekspertlər isə hesab edir ki, bu dəyişikliklər kirayə verilən mənzillərin vergiyə cəlb olunmasına səbəb olacaq. Çünki mənzillər kirayə verilən zaman müqavilələr bağlanmırdı. Bu səbəbdən də mənzilini kirayə verən şəxslər vergiyə cəlb edilmirdi.
Ekspert Vüqar Bayramlı deyir ki, məqsəd – kirayə verilən evlərin vergiyə cəlb olunmasıdır. Çünki, bəzən müqavilələrdə kirayə verilən evin məbləği ya heç göstərilmir, ya da olduğundan az göstərilirdi.
Onu da qeyd edək ki, qanun layihəsi bu ayın 24-ü Milli Məclisdə müzakirəyə çıxarılacaq.
Mənbə: ANS PRESS