Millətin tərəqqisi və fəaliyyətinin başlıca amili elmdir. Deməli, tərəqqiyə gedən yol elm öyrəndiyimiz məktəblərdən keçir. Ancaq 50 ildən çox yaşı olan Qazaxın Abbasbəyli kənd məktəbində hansısa tərəqqiyə nail olmağın mümkünlüyü şübhə doğurur. Kəpəz televiziyası (Region TV) xəbər verir ki, 11 şagirdi və 3 müəllimi olan məktəb təkcə bununla yox, həm də qeyri-adi dərs metodu ilə fərqlənir. Məktəbin 1 və 3-cü sinifləri bir otaqda, 2 və 4-cü sinif şagirdləri isə digər otaqda təhsil alırlar. Elmə, təhsilə marağın artdığı bir dövrdə bu təhsil ocağında şagirdlər günbəgün azalır. Məktəb direktoru dərsin bu şəraitdə keçirilməsini şagird azlığı və binanın yararsız vəziyyəti ilə əlaqələndirir.Vəziyyətdən narazı qalan əksər sakinlər isə övladlarını digər kənd məktəblərinə göndərir.
Abbasbəyli kənd məktəbi haqqında Qazax təhsil şöbəsindən fikir öyrənməyə çalışdıq. Şöbə müdiri Əhəd Dərgahquliyev bildirdi ki, məktəbdə uşaq az olduğundan bu sistemlə dərs keçilir. Amma gələcəkdə bu kənddə yeni məktəb inşa ediləcək. Yeni binanın nə vaxt tikiləcəyi isə hələlik məlum deyil.
Mənbə: Milli.Az