Qadin.NET / Elmi işçilərin əməkhaqları yeni qaydada hesablanacaq

Elmi işçilərin əməkhaqları yeni qaydada hesablanacaq

 

 

Azərbaycanda elmi müəssisə və təşkilatlarda çalışan elmi işçilərin əməkhaqları hesablanarkən onların əmək stajları və peşə xüsusiyyətləri də nəzərə alınacaq.
Milli Məclisdən Trend-ə verilən məlumata görə, bu məsələ yeni hazırlanan “Elm haqqında” qanun layihəsində öz əksini tapıb.
Layihədə qeyd edilir ki, dövlət elmi müəssisə və təşkilatlarında çalışan elmi işçilərin əmək haqqı və vəzifə maaşları onların funksional vəzifələri, peşə xüsusiyyətləri, ixtisas dərəcəsi və əmək stajı nəzərə alınmaqla təyin ediləcək. Bundan başqa, ixtısas üzrə professor və dosent elmi adları olan elmi və elmi-pedaqoji işçilərin vəzifə maaşlarına əlavələr veriləcək.
Qeyd edək ki, ali təhsil müəssisələrinin işçilərinin əməkhaqları hesablanan zaman onların stajları nəzərə alınsa da, bu, AMEA sistemindəki elmi müəssisələr üçün tətbiq edilmir.
“Elm haqqında” qanun layihəsinin ötən ilin ortalarında təqdim edilən variantından fərqli olaraq, yeni layihədə fəlsəfə və elmlər doktorlarına elmi dərəcəyə görə əlavələrin verilməsi ilə bağlı məsələdə bəzi dəyişikliklər edilib.
Belə ki, qanun layihəsinin ötən ilin ortalarında təqdim edilən variantında fəlsəfə və elmlər doktorlarına elmi dərəcəyə görə əlavələrin müvafiq olaraq minimum əməkhaqqının 3 və 5 misli həcmindən az olmayaraq, sonrakı artımlar nəzərə alınmaqla ödənilməsi təklif edilirdi. Yeni layihədə isə əlavələrin məbləği konkret göstərilməyib. Yalnız qeyd edilib ki, həmin əlavələr müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək.

Mənbə: Milli.Az

19 fevral 2015
GO BACK