Ermənistan xarici işlər naziri Edvard Nalbandyan bu gün İrəvanda ABŞ dövlət katibinin mavini Viktoriya Nulandla görüşüb.
ANS PRESS-in məlumatına görə, görüşdə Qarabağ münaqişəsi ilə bağlı ortaq görüş səsləndirilib. Nalbandyan Viktoriya Nulandla bu fikirdə həmrəy olublar ki, münaqişə beynəlxalq hüquq əsasında dinc yolla, qüvvə tətbiqi olmadan həll edilməlidir. Həmçinin danışıqlarda ərazi bütövlüyü və xalqların öz müqəddaratını təyin etmək hüququ əsas götürülməlidir.
Bununla da Edvard Nalbandayan istər-istəməz Azərbaycanın mövqeyini dəstəkləməli olub. Azərbaycan həmişə Dağlıq Qarabağa ölkənin ərazi bütövlüyü çərçivəsində ən yüksək muxtariyyət verməyə hazır olduğunu bildirir. Bununla da Dağlıq Qarabağ əhalisi Azərbaycan sərhədləri çərçivəsində özünü idarə hüququ qazanır.
Məsələ bundadır ki, erməni millətçiləri beynəlxalq danışıqlarda bu prinsiplərə əsaslandıqlarını bildirsələr də daxili siyasətdə həmişə psevdo-patriot şüarlarla çıxış edirlər. İddia edirlər ki, Azərbaycanın işğal edilmiş torpaqları erməni gənclərinin qanı bahasına alınıb və yalnız qanla verilə bilər.
Əslində, ermənilər münaqişə ilə bağlı danışıqları uzatmaqla mövcud vəziyyəti dondurmaq istəyirlər ki, bəlkə, zaman dəyişə və Helsinki xartiyası qüvvədən düşə. Həmin xartiyaya görə, mərkəzlə federal sazişi olmayan muxtar qurum mərkəzin razılığı olmadan heç zaman müstəqil ola bilməz. Yəni müasir beynəlxalq hüquq Dağlıq Qarabağı heç zaman müstəqil dövlət kimi tanımayacaq.
Mənbə: ANS PRESS