KANAL S (REGİON TV) xəbər verir ki, Zaqatalanın Danaçı kəndində arxeoloji tapıntı aşkarlanıb. Antik dövrə məxsus olduğu ehtimal edilən bu tapıntılar araşdırılmaq məqsədilə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutuna aparılıb. Bu tapıntıların bölgənin tarixi haqda əldə olunan məlumatlarların daha zənginləşdirilməsi baxımından əhəmiyyət kəsb edəcəyi şübhəsizdir.
Zaqatalanın Danaçı kənd sakini Fərhad Musayevin həyətyanı sahəsində qədim saxsı qablar aşkar edilib. Torpaq sahibi ərazidə traktorla yer qazarkən təsadüfən naməlum fraqmentlərə rast gəlib. O, işi dayandıraraq bu barədə rayonun aidiyyatı qurumlarına məlumat verib. Rayona ezam olunan AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun mütəxəssisləri əraziyə baxış keçirib. Yerin təqribən 2 metr dərinliyindən 8 ədəd saxsı qab müəyyənləşdirilərək çıxarılıb. Onlardan ikisi vaza tipli, biri iri həcmli, digərləri isə kiçik və orta həcmli küplərdir. Tapıntılar təhqiqat məqsədilə Arxeologiya və Etnoqrafiya İnstitutuna aparılıb. İlkin ehtimala görə, bu tapıntılar eramızdan əvvəl V-I əsrlərə aiddir.
2500 il tarixə malik Danaçı nekropolunda arxeoloji təhqiqatların aparılması bölgənin tarixinin araşdırılması baxımından böyük əhəmiyyət kəsb edir. Zaqatalanın turizm baxımından əlverişli mövqedə yerləşməsi gələcəkdə bu abidənin arxeoturizm obyekti kimi fəaliyyət göstərməsinə imkan yarada bilər.
Mənbə: Milli.Az