Son günlər Azərbaycanda manatın dollara nisbətdə ucuzlaşması prosesini müşahidə edirik. Vəsaitlərini manatla saxlayan vətəndaşlar təcili olaraq dollar almağa çalışırlar.Manatın bundan sonra nə qədər ucuzlaşacağını proqnozlaşdırmaq çətindir.Milli.Az-a açıqlama verən iqtisadçı Qubad İbadoğlu bildirib ki, manatın məzənnəsi avronun və dolların dəyərindən asılıdır. İndiyə qədər Mərkəzi Bank hədəflədiyi valyuta səbətində avronun payını göstərməyib.
"Manatın ucuzlaşması tədiyyə balansından da asılıdır. Tədiyyə balansı ilə bağlı isə son açıqlama ötən ilin oktyabr ayında verilib. Son məlumatlar olmadığı üçün manatın ucuzlaşmasının səviyyəsi barədə danışmaq çox çətindir", - o əlavə edib.
Bəs manatın ucuzlaşmasından qazanan və itirən kimlər olacaq?
İqtisadçı deyir ki, əgər indiyə qədər kreditlər manatla götürülübsə, manatla da qaytarılacaq. Kreditlərin məzənnəyə uyğun olaraq başqa valyuta ilə dəyişdirilməsi bankların kredit müqavilələrində əksini tapmır.
"İqtisadi bir qanunauyğunluqdur. Banklar milli vayutanın dəyərsizləşməsi prosesində əgər kreditlər veriblərsə, o zaman udan kredit götürənlər olur. Uduzan isə banklar olur. Milli valyuta ilə daha çox depozit götürüblərsə, o zaman udan banklar olur, uduzan depozit qoyanlar olur. Bankların həm qazancı, həm də ki itkiləri ola bilər. Burada verilən kreditlərlə alınan depozitlər də mühüm rol oynayır. Əgər kreditlər depozitlərdən çoxdursa, bu zaman bankın ziyanınadır. Depozitlər kreditlərdən çox olarsa, bank qazanır", - iqtisadçı Qubad İbadoğlu bildirib.
Onun sözlərinə görə, Azərbaycanda verilən kreditlərin miqdarı götürülən depozitlərdən çoxdur. Belə olan halda bankların riskləri artır. İndi banklar riskləri idarə edə bilmək üçün hətta kredit faizlərini də qaldıra bilərlər.
"İki variant var: ya kreditlər bundan sonra dollarla verilə bilər. Ya da ki, manatla verilən kreditlərin faizləri dollarla verilən kreditlərin faizlərindən yüksək ola bilər", - o qeyd edib.
Teymur Hacıyev.
Mənbə: Milli.Az