Bakı Telefon Rabitəsi İstehsalat Birliyində (BTRİB) özəl provayderlər və aidiyyəti qurumların iştirakı ilə internetin inkişafına həsr olunmuş iclas keçirilib.
ANS PRESS-in BTRİB-yə istinadla verdiyi məlumata görə, Birliyin baş direktoru Beytulla Hüseynov Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) ötən ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı keçirilmiş kollegiya iclasında rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun telekommunikasiya operatorları “Aztelekom” və BTRİB-in ünvanına səsləndirdiyi tənqidi fikirlərə diqqət çəkərək, iclasın bu zərurətdən təşkil olunduğunu vurğulayıb.
İnternetin inkişafı istiqamətində aparılan işlərdən danışan B.Hüseynov qeyd edib ki, son 5 ildə Bakı şəhərində özəl provayderlərlə birlikdə internet abunəçilərinin sayı 400 minə yaxındır. “Bakinternet” provayderinin abunəçilərinin sayı isə hazırda 170 mindir: “Ümumi beynəlxalq trafikin həcmi təxminən 40 GB-dən çoxdur. Bakı şəhərində internet abunəçilərinin sıxlığı 80 faizdən çoxdur”.
Kabel-kanalizasiya qurğularının genişləndirilməsi üçün layihələr üzərində işlərə başlanıldığını da deyən müəssisə rəhbəri “Bakinternet” provayderinin yeni platformada fəaliyyətinin təşkili üçün banklardan 6 milyona yaxın kredit götürüldüyünü, kreditlərin əldə olunan gəlirlər hesabına bağlanması üçün çalışdıqlarını bildirib.
Mənbə: ANS PRESS