Baxışın məqsədi hərbi qulluqçuların məişət şəraiti ilə tanış olmaq, hərbi qulluqçularla rəftar və şəxsi heyətin insan hüquqlarının müdafiəsi vəziyyətinin araşdırılması olub.
Hərbi hissənin hərbi sirr təşkil etməyən bütün obyektlərinə baxış keçirilib, şərait, rəftar, qidalanma və müalicənin keyfiyyəti müsbət qiymətləndirilib. Şəxsi heyətlə insan hüquqları, o cümlədən mövcud hərbi qanunvericilik və hərbi nizamnamələr mövzusunda söhbətlər aparılıb və onların insan hüquqları ilə bağlı çoxsaylı sualları cavablandırılıb.
Əsgərlərlə görüş zamanı insan hüquqları, ombudsmanın fəaliyyəti və hərbi qulluqçuların hüquqlarının müdafiəsi istiqamətində gördüyü işlər barədə ətraflı məlumat verilib. Eyni zamanda, respublikamızda hərbi qulluqçuların hüquqlarının müdafiəsi vəziyyətinin, hüquqi maarifləndirmə, ideoloji və təlim-tərbiyə işlərinin, şəxsi heyətin yüksək döyüş ruhunun və psixoloji durumunun, həmçinin Vətənə sədaqət və vətənpərvərlik hissinin gücləndirilməsi sahəsində aparılan işlərin əhəmiyyəti vurğulanıb.
Həmin obyektlərdə şəxsi heyətin mənəvi-psixoloji hazırlığının, yaşayış şəraitinin, qidalanma və sağlamlığının qorunması vəziyyətinin normal səviyyədə təşkili müşahidə edilib.
Başçəkmə zamanı hərbi hissənin ərazisində ailəli zabitlər və gizirlər üçün 60 mənzilli, beşmərtəbəli, müasir tələblərə cavab verən binada son tamamlama işlərinin aparıldığı və həmin binanın yaxın günlərdə istifadəyə veriləcəyi məlum olub.
Görülən işlərin daha da təkmilləşdirilməsi üçün hərbi hissə komandanlığına müvafiq tövsiyələr verilib.
Mənbə: ANS PRESS