Azərbaycan Mərkəzi Bankı (AMB) ölkədə məzənnə siyasətinin yeni əməliyyat çərçivəsi barədə məlumat yayıb. Bankdan verilən məlumata görə, AMB-nin İdarə Heyəti 16 fevral 2015-ci il tarixindən etibarən məzənnə siyasətində ikitərəfli məzənnənin hədəflənməsindən valyuta səbəti dəyərinin hədəflənməsinə keçid barədə qərar qəbul edib.
Məzənnə siyasətinin ABŞ dolları və Avronun daxil olduğu iki valyutalı səbət mexanizmi əsasında həyata keçirilməsi məqsədəuyğun hesab edilib.
Artıq bu gündən manatın dollara qarşı məzənnəsində cüzi də olsa enmə başlayıb. AMB-nin fevralın 16-a müəyyənləşdirdiyi rəsmi məzənnələrdə 100 dolların məzənnəsi əvvəlki kimi 78,44 manatdan 78,48 manata qaldırılıb.
İqtisadçi-ekspert Pərviz Heydərov Teleqraf.com-a açıqlamasında deyib ki, bu xəbərlə bağlı təşvişə düşməyə gərək yoxdur. Çünki əhali arasında ajiotaj yaranır, bankomatlarda növbələr olar ki, bu da Mərkəzi Bankın fəaliyyətində əlavə mənfi səbəblər yarada bilər: “Əslində burada ciddi dəyişiklik baş vermir. Məlum olduğu kimi, 2008-c ildə qlobal böhranla bağlı Mərkəzi Bank qərar qəbul etmişdi ki, manatın kursu müəyyənləşdiriləndə təkcə ABŞ dolları nəzərə alınmasın və avro ilə münasibəti də ayrıca olaraq nəzərdən keçirilisin. Buna isə bivalyuta səbəti deyilir və mahiyyəti ondan ibarətdir ki, manatın kursu həm ABŞ dolları, həm də avro ilə götürülür.
2013-cü ilin yanvarın 10-da isə Mərkəzi Bank manatın kursunu müəyyənləşdirəndə ancaq dolları əsas götürdü. Hazırda dəyişikliyin mahiyyəti köhnə qaydaya qayıdışdan ibarətdir və məzənnə siyasəti həm dollarla yanaşı, avro ilə də aparılacaq”.
Ekspert deyir ki, ölkə başıçısı da ilin yekunları ilə bağlı tədbirdə manatın məzənnəsinin möhkəmlənməsinin ixrac potensialını məhdudlaşdırdığını vurğulamışıdı: “Prezident də əlavə etdi ki, əhalinin sosial müdafiəsi baxımnından manatın möhkəmlənməsi vacib olsa da, məsələyə kompleks şəkildə yanaşıb, ixracı məhdudlaşdırmalıyıq. Bunun üçün də məzənnə siyasətində dəyişikliyə ehtiyac var idi”.
Pərviz Heydərovun sözlərinə görə, manatın məzənnəsində enmələr müşahidə olunacaq, amma bu, qəpiklə ifadə olunduğundan nəzərəçarpacaq enmədən söhbət getmir.
Mənbə: Milli.Az