Xalq rəssamı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüDavud Kazımov fevralın 14-də, ömrünün 89-cu ilində vəfat edib.Mədəniyyət və Turizm Nazirliyindən AzərTAc-a bildiriblər ki, Davud Kazımov sərbəst yaradıcılıq fəaliyyətinə İkinci Dünya müharibəsindən sonrakı dövrdə başlayıb. Bu vaxt bir çox rəssamların, o cümlədən də Davud Kazımovun yaradıcılığında müharibə qəhrəmanlarının bədii obrazlarının yaradılması əsas yer tuturdu. Onun əsərlərində səmimiyyət, uşaq məsumluğu, onları əhatə edən qayğıkeşlik bacarıqla əks olunub. Bu əsərlər səmimiliyi ilə yanaşı, əhval-ruhiyyənin təzəliyi, hisslərin təmizliyi ilə də yadda qalıb. Davud Kazımov öz dövrünün insanlarını, onların əhval ruhiyyəsini, psixoloji durumunu açıqlayan portret əsərlərinin də müəllifidir. Bu əsərlər rəssamın portret ustası kimi dəqiqliyini, dərin müşahidə qabiliyyətini, obrazların konkret xüsusiyyətlərini çatdırmaq istedadını əks etdirir. O, mənzərə janrı ilə yanaşı, həm də natürmort janrının əsl ustası kimi tanınıb.
Sənətkarın əsərləri Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Azərbaycan Rəssamlar İttifaqının bədii fondunda, eləcə də Rusiya, Türkiyə, İran, Macarıstan, Almaniya və digər ölkələrdəki şəxsi kolleksiyalarda saxlanılır.Davud Kazımov 2001-ci ildən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının akademik rəngkarlıq kafedrasının professoru idi.
Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Rəssamlar İttifaqının, Dövlət Rəssamlıq Akademiyasının rəhbərliyi və kollektivi müasir Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi Davud Kazımovun vəfatı ilə əlaqədar başsağlığı verirlər.
Mənbə: Milli.Az