Bahalı mobil qurğular istehsalçısı Bellperre şirkəti Android mobil əməliyyat sistemi ilə işləyən Touch smartfonunu təqdim edib.Aparatın korpusu yüksək keyfiyyətli paslanmayan poladdan hazırlanıb. Aparat 60 müxtəlif rəng variantında əlçatandır. Qurğunun ekranı sapfir şüşə örtüyə malikdir və zədələrdən qorunub.
Milli.Az ICTnews-a istinadən bildirir ki, aparatın texniki xüsusiyyətlərinə gəlincə, qabaqcıl adlandırmaq olmaz. Smartfon 1.5 GHz takt tezlikli adsız ikinüvəli prosessor, 2 Gb əməli yaddaş və 48 Gb-lıq fləş yaddaşla təchiz edilib. Super AMOLED texnologiyası ilə hazırlanmış 4.9 düymlük ekranın təsvir ölçüsü 1280x720 piksel təşkil edir.
Bellperre Touch smartfonu 1,9 və 8 meqapiksel matrisli kameralar, Wi-Fi 802.11a/b/g/n və Bluetooth 4.0 simsiz rabitə adapterləri, GPS/QLONASS naviqasiya sistemləri qəbuledicisi, NFC modulu, akselerometr, giroskop, elektron kompas, barometr və yaxınlaşdırma ötürücüsünə malikdir.
Cihazın ölçüləri 138×69,4×9,4 mm, çəkisi 166 qram təşkil edir. Dördüncü nəsil LTE şəbəkəsini dəstəkləyir.
Öküz dərisindən işlənmiş korpusa malik Bellperre Touch qurğusunun satış qiyməti 2600 avro, timsah dərili modelin dəyəri isə 3000 avro təşkil edəcək.
Mənbə: Milli.Az