Qadin.NET / Siqaret çəkənlər bu yazını mütləq oxusunlar

Siqaret çəkənlər bu yazını mütləq oxusunlar

 

Ümumdünya Səhiyyə Təşkilatının statistik məlumatına görə, hazırda dünyada 1,2 milyard insan siqaret çəkir.Bəs bu qədər insan siqaretin zərərlərindən xəbərsizdirmi? Əlbəttə ki, yox…Siqaretin ən ağır zərəri ağciyərlərə vurduğu zərbədir. Belə ki, ağciyər xərçəngindən əziyyət çəkənlərin 80%-i siqaret istifadəçisidir (Müalicə olunmadıqda ağciyər şişindən ölüm 85%-dir).Tütünün tərkibində olan karbonmonoksid, nikotin, qətran kimi maddələr ağciyər xərçəngi başda olmaqla, tənəffüs sistemi xəstəlikləri, xroniki bronxit, emfizema kimi xəstəliklərə yol açır. Ağciyərlərin təbii müdafiə sistemi pozulur, infeksiyalar asanlıqla tənəffüs yoluna daxil olur.

Siqaretin tərkibindəki karbonmonoksid qandakı oksigeni yox edərək, damarlarda xolesterolun depolanmasına yol açır ki, bu da infarkt riskini artırır. Qida borusu və mədədə xora, bədxassəli şişlərin əmələ gəlməsinə səbəb olur. Sidik kisəsi şişləri də siqaret çəkənlərdə daha çox görünür 
Siqaret əl və ayaq damarlarında da müxtəlif xəstəliklərə səbəb olur. Ağız qoxusu, diş əti xəstəlikləri, dişlərin tökülməsi, dad hissiyyatının zəifləməsi və itməsi problemləri yaranır.
Beyin hüceyrələrinin ölümünə, yaddaşın zəifləməsinə, qoxu hissinin azalmasına, yaşa dolduqda isə Alsheymer xəstəliyinə gətirib çıxarır.
Psixoloji problemlər, stres, yuxusuzluq, gözlərdə katarakt və ya korluq əmələ gəlir. Xroniki baş ağrıları olur. Kişilərdə sonsuzluq ortaya çıxır.
Hamilə qadınların siqaret çəkməsi körpənin çəki azlığı və zəka geriliyi ilə dünyaya gəlməsinə səbəb olur. Siqaret çəkən qadınları uşaqlıq, yumurtalıq xəstəlikləri, xərçəng, sonsuzluq kimi təhlükələr gözləyir. Orqanizmin insulin hazırlama qabiliyyətini azaldaraq şəkər xəstəliyinə gətirib çıxarır. Dərinin erkən qırışması da siqaretin fəsadlarındandır.
Mənbə: "Zaman Azərbaycan"
15 fevral 2015
GO BACK