Qadin.NET / 6 qardaş və bir bacının əzablı həyatı: 14 il evdə

6 qardaş və bir bacının əzablı həyatı: 14 il evdə

 

 

Bu ailə çox qəribə, hətta unikal və dünyada misli-bərabəri olmayan sayıla bilər.
ABŞ-ın Nyu-York şəhərində, Manhettenin Aşağı İst-Sayd səmtində yaşayan ailənin övladları doğulandan sonrakı 14 il ərzində mənzili tərk etməyiblər.
Daha doğrusu, onların qapını açaraq çölə çıxmaları yasaqdı.
Bhaqavan, Qovinda, Narayana, Mukunda, Krişna, Caqadeş və bu qardaşların bacısı Vişnu həmişə evdə idilər.
Onların atası Oskar Anqulo hər səhər işə gedəndə mənzilin giriş qapısını çöldən açarla kilidləyir, işdən qayıdanda açırdı.
Milli.Az ABC-yə istinadən bildirir ki, 6 qardaş və 1 bacı dünyanı Kventin Tarantino, Kristofer Lloyd və Martin Skorseze kimi kinorejissorların lentləri sayəsində öyrənirdilər.
Qardaşların dediklərinə görə, atalarının onları mənzildə ev dustağı kimi saxladığı illər ərzində 5 mindən artıq filmə baxıblar.
Rejissor Kristall Mozellin dediyinə görə, bu ailənin fərdlərini küçədə görəndə onlarla maraqlanıb.
"Sən demə, həmin gün qardaşlar bacılarını da götürərək ilk dəfə küçəyə çıxmışdılar. Daha doğrusu, bu, onların "həbsxanadan qaçış"ları da sayıla bilərdi", - K.Mozell deyir.
Kristal Mozell qəribə ailənin yaşamı barədə "The Wolfpack" sənədli filmini çəkib.
"Oskar Anqulo əslən Perudan olan mühacirdir. Onun xanımı isə SyuzanABŞ-ın Orta Qərbindən olan sabiq hippidir. Oskarla Syuzan 1989-cu ilin dekabrında Peruda, Maçu-Pikçuda tanış olublar və sonra da ABŞ-a qayıdıblar. Syuzanla evləndiyinə görə Oskara ABŞ vətəndaşlığı verilmişdi.
Qərbi Virciniyada Krişna Mərkəzində bir müddət yaşamış ərlə-arvad krişnaitdirlər. Onların əkiz oğulları Qovinda və Narayana da 1992-ci ilin iyun ayında Virciniyadakı Krişna Mərkəzində doğulub", - Mozell söyləyib.
Mukunda 1994-cü ilin avqustunda, ailə Los-Ancelesdə avtomobil furqonunda yaşayanda anadan olub.
1995-ci ildə Nyu-Yorka köçərək Bronks səmtindəki ucuz mənzildə kirayədə qalan ailə sonradan Manhettenə yerləşib.
1996-cı ilin mayında isə Oskar Anqulo övladlarına küçəyə çıxmağı yasaqlayıb.
1997-ci ilin yanvarında Krişna, 1998-ci ilin iyulunda Caqadeş doğulub.
Və ən nəhayət, 2010-cu ilin aprelində qardaşlar ilk dəfə mənzili tərk edib küçəyə çıxıblar.
23 yaşlı Bhaqavan, 22 yaşlı əkizlər Qovinda və Narayana, 20 yaşlı Mukunda, 18 yaşlı Krişna, 17 yaşlı Caqadeş və 16 yaşlı Vişnu indi də Manhettenin Aşağı İst-Sayd səmtindəki 4-otaqlı mənzildə yaşayırlar.
Fəqət onlar indi rahatlıqla küçəyə çıxır, normal həyat sürürlər.
Mənbə: Milli.Az
14 fevral 2015
GO BACK