Qadin.NET / Bakıya 1000 nəfərə yaxın xarici rəsmi nümayəndə gələcək

Bakıya 1000 nəfərə yaxın xarici rəsmi nümayəndə gələcək

Bu gün Mədəniyyət və Turizm Nazirliyində nazir Əbülfəs Qarayevin sədirliyi ilə 3-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təşkilat komitəsinin iclası keçirilib.Nazirlikdən Trend-ə verilən məlumata görə, iclasda tədbirin proqramı, dəvət olunacaq qonaqların tərkibi və gündəlikdə nəzərdə tutulan məsələlər müzakirə mövzusu olub.
Nazir Forumun, əvvəlki illərdə olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi ilə keçiriləcəyini, bu il isə ilk dəfə olaraq tərəfdaş qurumların - UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Ümumdünya Turizm Təşkilatı rəhbərlərinin imzası ilə dəvət məktublarının göndərildiyini qeyd edib. Cari ilin 18-19 may tarixində keçiriləcək Forumda min nəfərə yaxın xarici rəsmi nümayəndənin iştirak edəcəyi gözlənilir.
Nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, Forumun təşkilat komitəsinin katibi Vasif Eyvazzadə məruzə ilə çıxış edərək tədbirə hazırlıq işləri, proqramda nəzərdə tutulan məsələlər, gündəlikdə müzakirə olunacaq mövzular, beynəlxalq qurumların təklifləri barədə geniş məlumat verib.İclas Təşkilat Komitəsi üzvlərinin mövzu ətrafında müzakirələri ilə davam edib.
Mənbə: Milli.Az

 

13 fevral 2015
GO BACK