Bu gün səhər saatlarından başlayaraq Azərbaycanın şimal bölgəsinə qar yağır. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, yağıntı Quba, Qusar və Xızı rayonlarında düşüb.
Quba Regional Hidrometeorologiya Müəssisəsindən bildirilib ki, dağlıq ərazilərdə qarın hündürlüyü 10 santimetrdən çoxdur. Ən çox yağıntı Qubanın Xınalıq kəndinə düşüb. Burada qarın hündürlüyü 14 sm-ə çatır. Qrızda qarın örtüyünün hündürlüyü 10 sm, Rükdə 10 sm.-dir.Bundan başqa, Xızının Altıağac qəsəbəsinə 15 sm. qar düşüb.Qusar və Quba şəhərlərində isə qarın hündürlüyü 2-5 santimetrə çatır. Qarın yağması ilə əlaqədar şimal regionunda hava kəskin soyuyub.Quba Regional Hidrometeorologiya Müəssisəsindən qarlı hava şəraitinin fevralın 14-dək davam edəcəyi bildirilib.
Bundan başqa Qax, Zaqatala, Balakən, Şəkiyə də qar yağıb.
Qeyd edək ki, yağan qar bölgədə problem yaratmayıb.
Mənbə: ANS PRESS