Qadin.NET / Zombiləşən uşaqlarımız

Zombiləşən uşaqlarımız

Zombiləşən uşaqlarımız
"Mənim 4 yaşında oğlum var. Artıq bir ilə yaxındır ki, onu bağçaya yazdıra bilmirəm. Hansı bağçaya gedirəm deyirlər hələki yer yoxdur. Yoldaşım cəmi 400 manat maaş alır. Bizim elə bir imkanımız da yoxdurki uşağı özəl bağçaya yazdıraq". Bunu ANS PRESS-in "qaynat-xətti"nə müraciət edən paytaxt sakini Nurlana Qurbanova söyləyir. Xanım deyir ki, özəl bağçalar çox bahadır, dövlət bağçalarında isə yer yoxdur. Əslində bağçaların uşağın formalaşmasında və məktəbə hazırlığında böyük rolu var. Bu amillər də azyaşlıların bağçaya getməsini şərtləndirir. 
Nurlana xanım deyir ki, uşaq evdə tək qalmaqdan artıq danışmağı da yadırğayıb. Xanım uşağı özünün məktəbə hazırlamaqda çətinlik çəkdiyini bildirir. Belə çıxır ki, valideyn uşağı ya özəl bağçaya qoymalı və 500-600 manat ödəməli, ya da nənə və babanın öhdəsinə buraxmalıdır. Uşağa məktəb yaşına qədər nənə və babanın bilik öyrətməsi isə absurd məsələdir. Statistik göstəricilər isə uşaqların sayı ilə müqayisədə bağçaların xeyli az oluğunu göstərir. 
Ölkədə 1680 dövlət və özəl məktəbəqədər təhsil müəssisəsi var. Onların 947-si şəhərdə, 733-ü isə kənd yerlərindədir. Mövcud bağçalarda 107 min 699 uşaq var, onların 76 min 808-i şəhərlərdə, 30 min 891-i isə kəndlərdədir. Azərbaycanda uşaqların məktəbəqədər təhsil müəssisələri ilə əhatəliyi (1-5 yaşlı uşaqların ümumi sayına nisbətən) 13,3 faizdir. Bu göstərici şəhərdə 19,2%, kənddə 7,5 % təşkil edir. 
Bakıda isə məktəb yaşına çatmamış uşaqların cəmi 27 %-i bağçalarla təmin edilir. Yerdə qalan 73% uşağın isə bağçaya gedə bilmək imkanı azdır. Rayonlarda bu göstərici paytaxtdan dəfələrlə azdır. Belə bir vəziyyətdə uşağı bağçaya yazdırmaqsa özü bir fərasətdir. Təbii ki, bu zaman maraqlı bir sual ortaya çıxır. Cəmiyyətdən uşaq yaşlarından təcrid olunan balacalardan gələcəkdə nə uğur gözləmək olar? İbtidai biliklərə yiyələnə bilməyən uşaq məktəbə necə qəbul ediləcək? 
Təəssüf ki, bu suallar hazırda bir çox valideyni narahat edir. ANS PRESS yaranmış bu sualları Təhsil Nazirliyinin Bakı şəhəri üzrə təhsil idarəsinin sabiq sektor müdiri, təhsil ekperti Nadir İsrafilova ünvanlayıb. Mütəxəssis isə öz növbəsində təhsildə yaranan bu problemlərin kökünə toxunub. Mütəxəssis deyir ki, hazırki vəziyyətdə təhsilimizdə xeyli boşluqlar var:
""Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda məktəbəqədər müəssəslərin 90%-ə çatdırılması planlaşdırılır. Belə olan halda, təkcə Bakı şəhərində 5 minə yaxın bağça tikilməlidir. Hazır ki, vəziyyətdə uşağı məktəbəqədər hazırlıq tərbiyəsi keçmədən məktəblərə götürmürlər. Direktorlar deyirlər ki, uşaq ibtidai təhsil almıyıb. Məktəbəqədər təhsili icbari etmək üçün bağçaların sayını 100%-ə qədər çatdırmalıyıq. Mənim fikrimcə, hazırki vəziyyətdə kimin imkanı var bu bağçalara uşaqlarını göndərsin, imkanı olmayan üçün isə bu məcburi olmasın. Bu proses tədricən aparılmalıdır. Çünki, biz hələ sovet təhsilindən tam ayrılmamışıq və qərb təhsilinə də tam keçməmişik. Təhsilimiz hələ keçid dövründədir, yeni sistemimizi hələlik tam qura bilməmişik və buna görə boşluqlar var. 
Ekspert bildirir ki, indi bağçalarda da vəziyyət tam dəyişib. "Bağçada deyirlər ki, uşaq şeir bilməlidir, mahnı oxumalıdır. Birinci sinifə gedən uşağa deyirlər ki, hazırlıq keçməyib. Belə düzgün deyil axı. Təhsil məktəbinin əsasnaməsində qeyd edilir ki, ibtidai təhsilin vəzifəsi şagirdlərə yazmaq və oxumaq vərdişlərini aşılamaqdır. Yəni, bunlar birinci sinifin vəzifələridir. Əgər uşaq baxçada bunları bilməlidirsə, yaxşı birinci sinifdə nəyi öyrənəcək? Sabah da bağçada uşağı yoxlayanda deyəcəklər ki, gərək ana bətnində yazıb-oxumağı öyrənsin, sonra dünyaya gəlsin".
Təhsil Nazirliyindən isə bildirilir ki, artıq növbəti tədris illəri üçün Bakı şəhərində ümumtəhsil müəssisələrinə I sinif şagirdlərinin qəbulunun elektron formada aparılması nəzərdə tutulur. Nazirlikdən bildirilir ki, hazırda yalnız paytaxtda bu sistem tətbiq ediləcək. Gələcəkdə isə həmin proses rayonlara şamil ediləcək:
"Lisey, gimnaziya tipli bir sıra təhsil müəssisələri öz nizamnamələrinə uyğun olaraq, I sinfə qəbulu seçim edərək aparırlar. Digər ümumi təhsil müəssisələri isə I sinfə qəbulu ümumi əsaslarla aparırlar. Qeydiyyatın forması və sənədlərin təqdim edilməsi elektron formada aparılacaq. Təhsil sistemi böyük olduğundan yeniliyi bütün ölkədə eyni vaxtda etmək mümkün olmur. Bakı şəhərində I sinfə qəbulun elektron formada aparılması pilot layihə kimi qəbul edilməlidir. Ola bilsin ki, prosesin təkmilləşməsinə ehtiyac duyuldu. Bu sistemin tam özünü doğrultduğuna əmin olduqdan sonra Təhsil Nazirliyi bunun daha geniş tətbiqini həyata keçirəcək. Bu, bir günə baş tutan proses deyil. Paytaxtda keçirilən qəbulun nəticələri təhlil edildikdən sonra onun respublika üzrə tətbiq edilməsi barədə də qərar qəbul ediləcək", - deyə nazirlikdən bildirilir. 
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən isə bildirilir ki, valideynlərin rahatlığı, qəbul sistemin təkmilləşdirilməsi məqsədi ilə Bakı şəhərində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin I sinfinə qəbul prosesini elektron sistem vasitəsilə aparılması nəzərdə tutub. Bu məqsədlə hazırda sistem üzrərində son tamamlama işləri aparılır. Sistemin təkmilləşməsi üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsi I sinfə qəbul prosesində iştirak edən tərəflərlə görüşlərin keçirilməsinə, onların fikir və təkliflərinin öyrənilməsinə başlanılıb. 
Dünya şöhrətli fizik Albert Eynşteyn vaxtilə 7 yaşınadək ümumiyyətlə sərbəst danışa bilməyib. Amma bu heç də onun sonradan bütün zamanların ən böyük aliminə çevrilməsinə mane ola bilməyib. Rus elminin atası Lomonosov da 18 yaşında Arzangelskdən balıq kirşəsində Moskvaya oxumaq üçün yola düşəndə hərfləri belə tanımırdı. Sonradan o, tək Rus elmi üçün deyil, dünya elmi üçün çox vacib enerjinin itməməsi qanunu kəşf etdi. 
Uşaqlarımızı erkən yaşlarında ifrat yormaq bir müddətdən sonra smartfon və planşet aşiqi olan kütbeyin sürüsündən başqa heç nə yaratmayacaq. 

Mənbə: ANS PRESS

13 fevral 2015
GO BACK