Anonymous haker qrupu İŞİD (İslam Dövləti silahlı qruplaşmasının əvvəlki adı) üzvlərinin Facebook və Twitter hesablarına hücum edib. İŞİD-çilər həmin hesablardan yeni üzvlər toplamaq və nüfuz yaymaq üçün yararlanırdılar.Milli.Az "Azadlıq radio"suna istinadən xəbər verir ki, qrupun saytında yerləşdirilən videoda deyilir ki, "Anonymous hakerləri İŞİD-ə zərbə vurub".
"Yadda saxlayın, özlərini İslam Dövləti (İŞİD) adlandıran terrorçular müsəlman deyillər. İŞİD, sizi ovlayacağıq, saytlarınızı, hesablarınızı, e-mail-lərinizi dağıdacağıq, sizi üzə çıxaracağıq... Sizinlə virus kimi rəftar olunacaq... Adımız - Anonymous; Legionuq; biz bağışlamırıq, gözlə bizi!" - qrup həmin videoda deyir.
İŞİD-in Facebook, Twitter və YouTube-da çoxsaylı hesabları var.
Yanvarda Parisdə "Charlie Hebdo" jurnalına hücumdan sonra Anonymous bu islamçı yaraqlı qrupu hədəfə alıb. Ancaq bütün cəhdlərə baxmayaraq, İŞİD onlayn iştirakını gücləndirir. Bu yaxınlarda üzvləri üçün daha çətin aşkarlanan hesabların yaradılmasına dair sosial media təlimatı dərc edib.
Mənbə: Milli.Az