Qadin.NET / Saakaşvili Ukrayna Prezidentinin baş müşaviri təyin edildi

Saakaşvili Ukrayna Prezidentinin baş müşaviri təyin edildi

 

 

Gürcüstanın sabiq Prezidenti Mixeil Saakaşvili Ukrayna Prezidenti Petro Poroşenkonun Beynəlxalq Məsələlər üzrə Müşavirlər Şurasının sədri təyin edilib. 
Bu barədə Trend “Novosti Qruziya”ya istinadən xəbər verir.
P.Poroşenkonun M.Saakaşvilinin təyinatı ilə bağlı bu gün bəyanat verəcəyi gözlənilir. "Pirveli Radio"nun məlumatına görə, Kiyevdəki brifinqdə M.Saakaşvili də iştirak edəcək.
Yeri gəlmişkən, sabiq Prezidentin “Vahid Milli Hərəkat” partiyasının mətbuat xidmətindən bildiriblər ki, hazırda M.Saakaşvilinin həmin vəzifəyə təyin edilməsi ilə bağlı məlumatın doğruluğunu təsdiqləyə bilməzlər: "Hələlik bizdə belə məlumat yoxdur".
“Vahid Milli Hərəkat” partiyasının Gürcüstan parlamentindəki fraksiyasının üzvləri də məlumatı hələ şərh etmirlər. Deputat Qoqa Xaçidze “Novosti Qruziya”ya bildirib: "Məndə bununla bağlı məlumat yoxdur və bunu təsdiqləyə bilmərəm".
Qeyd edək ki, M.Saakaşvili 2013-cü ilin noyabrında ölkənin yeni Prezidenti Georgi Marqvelaşvili vəzifəsinin icrasına başlayandan sonra Gürcüstanı tərk edib. Gürcüstan Baş Prokurorluğu bir neçə cinayət işi, həmçinin təxminən beş milyon dollar dövlət vəsaitinin şəxsi ehtiyaclar üçün xərclənməsi haqqında ittihamı sabiq Prezidentə qiyabi təqdim edib.

Mənbə:Milli.Az

12 fevral 2015
GO BACK