Azərbaycan təhsil nazirinin müavini Ceyhun Bayramov Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən 9 və 11-ci sinif şagirdləri arasında yazıb-oxumağı bacarmayan şagirdlərin aşkarlanması faktına münasibət bildirib.
Trend-in məlumatına görə, Ceyhun Bayramov jurnalistlərə deyib ki, ali və orta ixtisas təhsili müəssisələrinə qəbulun nəticələri Təhsil Nazirliyində də təhlil ediləcək.
Nazir müavini Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən 9 və 11-ci sinif şagirdləri arasında yazıb-oxumağı bacarmayanların aşkarlanması ilə bağlı da araşdırmaların aparılacağını qeyd edib: "Təbii ki, hər bir hal təhlil ediləcək. Nəticədən asılı olaraq, görüləcək tədbirlər müəyyənləşdiriləcək".
C.Bayramov əlavə edib ki, buraxılış imtahanlarının nəticələrini bir o qədər də pis qiymətləndirmək olmaz: "Orada müsbət dinamika var. TQDK tərəfindən ümumi orta və tam orta təhsil səviyyəsində aparılan buraxılış ımtahanlarının 2012-2014-cü illər üzrə dinamikası göstərir ki, ilbəil artım var".
Mənbə:Milli.Az