ABŞ daha çox iqtisadi bağlılıq üçün səyləri dəstəkləməkdə davam edəcək
ABŞ Dövlət Departamenti Mərkəzi Asiya və Qafqaz ölkələrinin Xəzər dənizi vasitəsilə Türkiyədən Avropaya ticarət marşrutlarının şaxələndirilməsi üzrə fəaliyyətini dəstəkləyir.
Trend-in ABŞ Dövlət Departamentinin məlumatına istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ dövlət katibi köməkçisinin birinci müavini Riçard Houqland Azərbaycanın ABŞ-dakı səfirliyində “Ticarət və iqtisadi əməkdaşlıq üzrə Şərq-Qərb nəqliyyat dəhlizi” mövzusunda keçirilən “dəyirmi masa”da deyib.
Onun sözlərinə görə, region ölkələri sərhədlərdəki nəqliyyat xərclərinin və yubanmaların sayının azaldılması naminə əməkdaşlıq etməlidirlər: "Biz Qazaxıstanda və Türkmənistanda liman tikililərinin inşası və genişləndirilməsini görürük, eyni hal Xəzər dənizinin digər tərəfində - Azərbaycanda da baş verir. Qazaxıstanla Türkmənistanı birləşdirən yeni dəmiryol xətti Bakı-Tbilisi-Qars dəmir yolunun tikildiyi vaxtda yaradılıb".
Houqland Rusiyanın roluna toxunaraq onun əvvəlki kimi regionda əsas iqtisadi amil olacağını qeyd edib: "Eyni zamanda Mərkəzi Asiya ölkələri gələcək iqtisadi əməkdaşlığı necə inkişaf etdirməyi, ticarət əlaqələrini genişləndirməyi və qlobal bazarlara inteqrasiyanı necə dərinləşdirməyi özləri üçün həll etməlidirlər".
Onun sözlərinə görə, Avrasiya İqtisadi İttifaqının genişləndirilməsi region ölkələrinin mövcud beynəlxalq öhdəliklərinin yerinə yetirilməsinin ziyanına getməməlidir: "ABŞ daha çox iqtisadi bağlılıq üçün səyləri dəstəkləməkdə davam edəcək. Mərkəzi Asiya üzrə bir yerə toplanma Xəzərlə, Qafqazla, Türkiyə, Avropa ilə bağlıdır və bu, təkcə ABŞ üçün deyil, həm də region ölkələrinin gələcəyi üçün vacibdir”.
Mənbə:Milli.Az