Məktəbli uşaqların mobil telefonlardan istifadə etmələri, əslində, təzə xəbər deyil. Kəpəz TV-nin (Region TV) əməkdaşı Tural Abbas məktəblilərin mobil telefondan istifadəsinin nə dərəcədə vacib olub-olmamasını araşdırıb. Mobil telefonlardan gələn radiodalğalar uşaqların səhhətinə, gələcək inkişaflarına necə təsir edir? Bu suallara cavabı növbəti materialda tapa bilərsiniz.
Mobil telefonlarsız təsəvvür belə edə bilmədiyimiz müasir dövrdə məktəb şagirdləri də bu vasitədən çox istifadə edirlər.
Məktəbli: “Mobil telefonum var, bəli, qohumlarımla və ya ailəmlə əlaqə saxlamaq üçün istifadə edirəm. Əslində, mən işlətmək istəmirəm, ancaq ailəm istifadə etməyimi istəyir".
Məktəbli: “Anamla atamla və hərdən bir dostlarla əlaqə saxlayıram. Müəllimlərimiz telefonun zərərlərini bizə başa salıb”.
"Uşaqların mobil telefondan istifadələri onların vaxtlarını aparmaqla bərabər sağlamlıqlarına da zərərlidir". Bunu həkim Rövşən Bağırov deyir.
Rövşən Bağırov: “Kiçik yaşlı xəstə gəlir bura, öz mobil telefonunu açıb nəsə oyun oynayır, nəyəsə baxır. Mobil telefonun istifadə edilməsi radiodalğaların yayılmasına səbəb olur ki, bu da uşaqlarda, birinci növbədə, ürək ritminin pozulmasına səbəb olur. Hal-hazırda statistika göstərir ki, orta qulağın xərçənginin sayını artıran məhz mobil telefondur. Uşaq nə qədər mobil telefonla danışsa, bu, onda qulaq xərçənginin yaranmasına səbəb olacaq”.
Mütəxəssislərin sözlərinə görə, övladına mobil telefon alan valideyn bilməlidir ki, kiçik yaşlarından uşaqların mobil telefona bağlılığı onlara xeyirdən çox ziyan gətirir.
Valideyn: "Hamı işlədir, ona görə də başımıza bəladır... İstifadə etməsələr, daha yaxşı olar”.
Bu gün bir reallıq da var ki, şagirdlər arasında mobil telefondan istifadə, sanki, bir dəb halını alıb. Övladının sağlam gələcəyini düşünən valideyn onu məktəbə yollayarkən qeyd olunan məqamlara da diqqət etməlidir".
Mənbə: Milli.Az