Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov Trend-ə bildirib ki, bu yeniliklər tədricən həyata keçirilir:
“Hazırda bulvarda təmir işləri davam etdirilir, yaşıllıq sahələri, çəmənliklər salınır, mövsümi güllər əkilir. Novruz bayramı ərəfəsində havalar isti olsa, bağlanmış ağaclar açılacaq. Bir həftə əvvəl bulvarda iki yeni attraksion istifadəyə verilib. Yay aylarınadək daha iki yeni attraksionun da istifadəyə veriləcəyi istisna olunmur. Bulvarda fəaliyyət göstərən kafe, restoran və ticarət obyektlərində POS-terminalların sayı artırılıb. Hələlik bütün obyektlərdə olmasa da, onların sayı əvvəlkindən daha artıqdır. Artıq bulvarın həm mühafizə xidmətinin işçiləri, həm də digər əməkdaşları arasında ingilis dilini bilənlərin də sayı artırılıb”.
N.Məcidov qeyd edib ki, Avropa Oyunlarınadək hər kəs bulvarın istənilən ərazisində "Wi-Fi" xidmətindən yararlana biləcək: “Hazırda əksər obyektlərdə bu xidmət var, lakin hələlik hamısını əhatə etmir. Avropa Oyunlarınadək "Wi-Fi" sisiteminin bütün bulvar ərazisini əhatə edəcəyi planlaşdırılır”.
Bundan əlavə, idarə rəsmisi bildirib ki, fevral-mart aylarında bulvara yeni gəzinti qatarları gətiriləcək: “Dənizkənarı Milli Park genişlənəndən sonra ərazidə fəaliyyət göstərən qatarların hərəkət marşrutu artırılacaq. Hazırda ərazidə qatar 3 marşrut üzrə - Bakı Beynəlxalq Dəniz Vağzalından “Saat qülləsi”, oradan Dövlət Bayrağı Meydanına qədər və İdman Sarayından "Crystal Hall"-un ətrafına qədər hərəkət edir. Hələlik marşrut ona görə dəyişdirilməyib ki, bulvarın hər iki istiqamətə genişlənən ərazisi istifadəyə verilməyib. Amma orada da işlər çox sürətlə gedir. Böyük ehtimalla Avropa Oyunlarına qədər, təxminən may ayında bulvarın yeni əraziləri də istifadəyə veriləcək”.
Onun sözlərinə görə, bulvar ərazisi genişlənəndən sonra dənizdə gəmi gəzintisi marşrutu da genişləndiriləcək: "İndi gəmilər ancaq Dövlət Bayraq Meydanı və "Crystal Hall"-un ətrafında fırlanır, bulvar genişlənəndən sonra isə bütün bulvarı əhatə edən marşrut istifadəyə veriləcək. Hələlik qış ayları olduğuna görə gəmilər havalar yaxşı olanda və yalnız şənbə-bazar günü tələbat olduğu üçün işləyir. Ona görə də marşrutu dəyişməyə heç ehtiyac yoxdur. Amma Avropa Oyunları zamanı marşrutların genişləndirilməsi nəzərdə tutulur".
Qeyd edək ki, hazırda bulvarın ərazisi sahil boyu 6 km-dən artıqdır. Bulvar hər iki istiqamətdə genişləndikdən sonra isə onun uzunluğu ümumilikdə 15 km olacaq.
Mənbə:Milli.Az