Prezident İlham Əliyevin Münhen Təhlükəsizlik Konfransında səsləndirdiyi sərt bəyanatı gündəmdədir. Ölkə başçısının erməni əsgərinin Ağdamda nə işi var? ritorik sualı və "ölmək istəmirlərsə, Ağdama gəlməsinlər" sərt mesajı Azərbaycanın gücü və nüfuzundan qaynaqlanır. Prezident İlham Əliyevin çıxışında daha bir məqam Qarabağ münaqişəsindən fərqli olaraq, Qərbin Ukrayna böhranına bu qədər həssas yanaşmasına etirazı oldu.
ANS TV-nin məlumatına görə, prezident İlham Əliyev Münhen sammiti çərçivəsində etdiyi çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə diqqət çəkərək, problemin həlli ilə bağlı indiki durumu, 20 ildən artıqdır ki, həllini tapa bilməməsi, həmçinin çıxış yollarını arqumentlərlə göstərib. Dövlət başçısı Ermənistan nümayəndələrinin təxribat xarakterli suallarına tutarlı cavab verməklə onları yerinə oturdub. Qarabağda ermənilərin itki verməsi ilə bağlı suala cavab olaraq prezident söylədi ki, buna səbəb erməni əsgərinin Ağdamda, Füzulidə olmasıdır, əgər işğalçı dövlət sülh, barışıq istəyirsə, işğalı dayandırmalıdı.
“Erməni əsgərinin Ağdamda nə işi var? Əgər o ölmək istəmirsə onda qoy Ağdama getməsin, olduğu yerdə qalsın. İrəvanda, Gümrüdə, öz ölkəsində qalsın. Sizin özünüz üçün ölkənizdə kifayət qədər yeriniz var. Ermənistanda o qədər də çox insan qalmayıb. Sizin Ağdamda, Füzulidə nə işiniz var?” – deyə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev bildirib.
Dövlət başçısının sözlərinə görə, keçmiş sovet respublikalarında yaranmış münaqişələr içərisində Dağlıq Qarabağa eyni diqqət göstərilmir. Məsələn, Ukrayna münaqişəsinə görə Rusiyaya təzyiq olunduğu halda, Azərbaycanın 20 faiz torpağını işğal edən Ermənistana da sanksiyaların tətbiq edilməli olduğunu vurğulayıb. Qərb ölkələri, Avropanı ikili siyasət yürütməkdə, münaqişənin həllində vasitəçi ölkələri Ermənistana dəstək verməkdə ittiham edən prezident, bu halı paradoks - adlandırıb.
Politoloqlar Münhendə Azərbaycanın haqlı mövqeyinin tutarlı şəkildə, faktlarla avropalıların, eləcə də Ermənistan nümayəndələrinin diqqətinə çatdırıldığı qənaətindədirlər.
“Baxmayaraq ki, işğal bağlı ilə bağlı BMT Təhlüksizlik Şurasının qərarları var. Amma bu qərarlar icra olunmur və Ermənistana heç bir təzyiq göstərilmir. Ona görə də cənab prezident dolayı yolla dedi ki, Azərbaycan öz qüdrətinə arxalanacaq. Təkcə iqtisadi, insani potensialına deyil, həm də hərbi qüdrətinə”, – deyə politoloq Rasim Musabəyov bildirib.
“Məncə prezident erməni nümayəndələrinə sərt polemika qaydalarına uyğun cavabı avropalıları ayıltmalıdır və ayıldıb. Çünki o neçə ildir bizi narahat edən məsələlərə faktlar və rəqəmlərlə aydınlıq gətirdi”, - deyə politoloq Fikrət Sadıqov qeyd edib.
Münhendə Qarabağ münaqişəsinin səbəbləri, danışıqların nəticəsizliyi, problemin həlli ilə bağlı qətnamələrin icra edilməməsi, azərbaycanlıların öz yaşadığı ərazilərdən qovulduğu, Xocalı soyqırımına görə ermənilərin üzr istəməli olduğu, Bakıda erməni kilsəsinin təmir edilməsinə baxmayaraq, Qarabağda məscidlərin dağıdıldığı vurğulanıb.
Prezidentin, Ermənistan işğalı dayandırarsa, beynəlxalq layihələrə qoşula bilər, eyni zamanda Türkiyə ilə də münasibətləri bərpa edə bilər - mesajı da diqqət çəkir.
Mənbə: ANS PRESS