Bu gün Beynəlxalq Stomatoloq günüdür. Tibbin bu sahəsi olduqca qədim tarixə malik olsa da, stomotoloqların peşə bayramı 2004-cü ildən qeyd edilir. Kəpəz TV-nin (Region TV) məlumatına görə, diş həkimlərinin peşə bayramı 9 fevral, yəni Apolloniya Aleksandriyskinin anım günündə qeyd edilir. Katoliklərin inancına görə, bu qadın xristian dinindən imtina etsin deyə müxtəlif işgəncələrə məruz qalıb. Sonda o, edam edilməklə təhdid olunarkən, özünü oda ataraq intihar edib. Verilən işgəncələr o qədər ağrılı olub ki, müqəddəs Apolloniyanın rəmzləri kimi diş və kəlbətin qəbul olunub. Deyilənə görə dişi ağrıyan insan "Santa Apollonia!" desə, ağrı keçib gedər.
Stomotoloqa getməkdən çəkinənlər bir sıra türkəçarələrlə birlikdə bunu da sınaqdan keçirə bilərlər. Təbii ki, bu, bir zarafatdır. İnkişaf etməkdə olan müasir tibb, ağız boşluğunda yaranan hər bir problemi tez bir zamanda aradan qaldırmağa imkan verir. Təbii ki, vaxtında həkimə müraciət etmək və düzgün müalicə almaq şərti ilə...
Şərti ilə deyirik, çünki bəzi hallarda diş ağrısından əziyyət çəkən insanlar müasir tibbin imkanlarından yararlanmaq yerinə, illər əvvəl el arasında tətbiq olunan üsullara əl atırlar. Dişin üzərinə darçın, limon duzu, hətta dırnaq boyası tökməklə ağrını dindirməyə çalışırlar.
Aqil Məmmədov, həkim-stomatoloq: "Onların dişlərin müalicəsi üçün heç bir xeyri yoxdur".
Qış aylarında ağız boşluğunda qinqivit, paradontoz, paradintit kimi müəyyən xəstəliklərin baş qaldıra biləcəyini deyən stomatoloq, diqqətli olmağı, 6 aydan bir mütləq şəkildə həkim müayinəsindən keçməyi məsləhət görür.
Mənbə: Milli.Az