Bir çox marafonlarda iştirak edərək dərəcələr əldə edən türkiyəli atlet Akın Yeniceli qaçaraq müqəddəs Məkkə şəhərinə getməyə hazırlaşır. ANS PRESS-in məlumatına görə, Yeniceli məqsədinin, diqqətləri İslam dünyasının problemlərinə cəlb etmək olduğunu deyib. Məkkə marafonuna paytaxt Ankaradan başlamaq istəyən Yeniceli iki şəhər arasındakı məsafənin təxminən 3 268 km olduğunu, Ramazan ayı ilə Qurban bayramı arasındakı 70 gün ərzində hər gün 50 km qaçmağı planlaşdırdığını deyib.
Atlet, baş tutacağı təqdirdə bunun rekord olacağını bildirir.
Yaşadığı Uşak şəhərindəki stadionda hər gün 20 km qaçaraq məşq edən Akın Yeniceli Məkkəyə qaçaraq tarixə düşmək istədiyini deyir:
“Bu günə qədər bir çox uğura imza atdım. Artıq Məkkə və Mədinəyə qaçaraq ən böyük layihəmi həyata keçirmək istəyirəm. Beş il bundan əvvəl Uşak Banaz rayonununun Corum kəndində adi bir kəndli ikən bu gün bütün dünya məni tanıyır. Bu günə qədər 1 000, 1 500, 10 000, yarım marafon, marafon və ultra marafonda iştirak etdim. İndiyə qədər 62 medal qazanmışam. Cənab prezidentimiz Rəcəb Tayyib Ərdoğanın baş nazir olduğu dövrdə onunla görüşmək üçün Uşakdan Ankaraya 3 gündə 370 km qaçdım. Uşak-İzmir, Uşak-İstanbul arasında da uzun məsafə qaçdım. İndi Məkkə marafonunu həyata keçirərək tarixə düşmək istəyirəm”.
Qaçış üçün təhlükəsiz yol axtardığını deyən idmançı bu mıəqsədlə prezident Ərdoğanın və baş nazir Davudoğlunun yardımlarını gözlədiyini deyib.
Mənbə: ANS PRESS