Azərbaycan İnternet Cəmiyyəti (AİC) Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə rabitə operatorlarının və internet xidmətlərinin təchizatçılarının qarşılıqlı fəaliyyəti məsələsi ilə bağlı yeni təkliflər təqdim edib. Bu barədəTrend-ə AİC-in sədri Qalib Qurbanov bildirib.
Onun sözlərinə görə, Cəmiyyət Nazirliyə optik rabitə xətlərinin çəkilişi, genişzolaqlı portların, provayderlərin istifadə etdikləri kabel-kanalizasiya binalarının icarə tariflərinə yenidən baxılmasını təklif edib: "Hazırda optik xətlərin çəkilişi və rabitə operatorlarının telekommunikasiya infrastrukturundan istifadə tariflərinin dəyəri həddən artıq yüksəkdir. Optik xətt dünyada internet-trafikin son istifadəçiyə qədər çatdırılmasının ən mümkün vasitələrindən biridir. Məsələn, bir çox ölkələrdə optik kabelin bir kilometrinin və onun son istifadəçiyədək çatdırılmasının dəyəri Azərbaycanın milli valyutası ilə min manata başa gəlir. Azərbaycanda bu tarif 3,5 min manata çatır".
Q.Qurbanov deyib ki, özəl biznesin inkişafı üçün tariflərin dəfələlərlə aşağı salınması vacibdir, əks təqdirdə ölkədə genişzolaqlı optik internetin inkişafından söhbət gedə bilməz: "Nazirlik operatorların və provayderlərin qarşılıqlı fəaliyyəti ilə bağlı sualla təkliflərin hazırlanması barədə Cəmiyyətə sorğu göndərdi. Biz öz təkliflərimizi təqdim etdik və Nazirlik onlara yaxın vaxtlarda baxılacağını bildirdi".
Mənbə: Milli.Az