İnternet trafikinin çatdırılması üçün mənən köhnəlmiş ADSL texnologiyalarından istifadə edildiyi nəzərə alınarsa, son istifadəçilərin internetin keyfiyyətinin aşağı olması ilə bağlı şikayətləri tamamilə əsaslıdır. ANS PRESS-in məlumatına görə, bu barədə Trend-ə Azərbaycan İnternet Cəmiyyətinin sədri Qalib Qurbanov bildirib.
Onun sözlərinə görə, ADSL ilə keyfiyyətli internet xidmətlərinin göstərilməsi texniki baxımdan mümkün deyil: "Provayder müştərilərə ADSL üzrə internetə normal girişin keyfiyyətini o zaman təmin edə bilər ki, ATS-də quraşdırılmış avadanlığın (DSLAM) tutumu 20-30 faiz yüklənsin, amma əgər yüklənmə 50 faiz və daha çox təşkil edəcəksə, onda keyfiyyət əhəmiyyətli dərəcədə azalacaq".
Genişzolaqlı internetin hər yerdə genişlənməsi haqqında danışarkən, Qurbanov hesab edir ki, optik rabitə xətlərini əsas götürmək və onların bazasında magistral xətləri və son istifadəçilərə qədər xətləri tikmək lazımdır: "Təəssüf ki, Azərbaycanda genişzolaqlı giriş dedikdə qabaqcıl ölkələrin əksəriyyətində praktiki olaraq tətbiq edilməyən mənən köhnəlmiş ADSL texnologiyası nəzərdə tutulur. ADSL-lə internet şəbəkəsinə giriş optik kabelin çəkilişinin qeyri-mümkün olduğu müəyyən yaşayış məntəqələrində tətbiq edilə bilər”.
AİC sədrinin fikrincə, optik girişə nisbətən ADSL texnologiyalarının daha çox inkişaf etməsində müəyyən qədər günah provayderlərin üzərinə düşür: "Söhbət internet xidmətlərinin optik infrastrukturunun inkişafına sərmayə qoymağa meyilli olmayan təchizatçılardan gedir. Bunun yerinə onlar Avropa ölkələrindən ADSL portlarının genişləndirilməsi üçün DSLAM istifadəsində olmuş köhnə avadanlıqları alırlar. Bu mənfi amil Azərbaycanın internet bazarından DialUp texnologiyalarının gedişinin uzun yolunu təkrarlaya bilər”.
Onun sözlərinə görə, ən qəbuledilməz hal ondan ibarətdir ki, internetə son müştərinin təsadüfi hallarda qoşulması üçün nəzərdə tutulmuş ADSL-lə girişdən daha çox korporativ müştərilər istifadə edir.
Hazırda bir sıra həllər (məsələn, Fiber To The X (FTTx) mövcuddur ki, onların hesabına optik rabitə xəttindən istifadə etməklə yüksəksürətli internetə yüz min istifadəçi cəlb etmək olar. Bu texnologiya həcm bolluğu vəd edir və son istifadəçilər arasında bölüşdürməyin mümkün olduğu məlumatların ötürülməsinin sürəti onlarla meqabitlə hesablanır. Əgər xDSL-dan istifadə zamanı istifadəçi iki meqabitdən səkkiz meqabitə qədər (keyfiyyət telefon xəttinin vəziyyətindən, eləcə də ATS-ə qədər olan məsafədən asılıdır) alırsa, onda FTTx texnologiyasında bir portun minimal həcmi 10 meqabit təşkil edir.
Mənbə: ANS PRESS