Fransa və Almaniya tərəfindən tərtib olunan sülh planı şərqi Ukraynadakı münaqişəyə son qoymağa "son şanslardan biridir", Fransa prezidenti Francois Hollande deyir.
Milli.Az BBC-yə istinadən bildirir ki, Almaniya kansleri Angela Merkel deyib ki, planın uğurlu olacağı aydın deyil, amma "sözsüz ki, cəhd etməyə dəyər".
Cənab Hollande deyib ki, hazırkı cəbhə xəttinin ətrafında 50-70 kilometrlik hərbsizləşdirilmiş zona da plana daxildir.
Liderlər Ukraynada hökumət əsgərlərilə rusiyapərəst üsyançılar arasındakı döyüşlərə son qoymağa çalışırlar.
Cənab Hollande və xanım Merkel sülh planını Rusiya prezidenti Vladimir Putin və Ukrayna lideri Petro Poroşenko ilə telefon vasitəsilə müzakirə edəcəklər.
Sülh planı haqqında ətraflı detallar yoxdur, amma deyilənə görə, plan sentyabrda Belarus paytaxtı Minskdə imzalanan atəşkəs sazişini bərpa etməyə cəhd edir.
Bu arada Rusiya prezidenti Vladimir Putin, Fransa prezidenti Francois Hollande və Almaniya kansleri Angela Merkel cümə günü keçirilən danışıqları "konstruktiv" adlandırıblar.
Rusiya Ukraynadakı rusiyapərəst üsyançıları silahlandırmaqda ittiham olunur, lakin bu cür ittihamları rədd edir.
Ötən ilin aprel ayından şərqi Ukraynadakı döyüşlər nəticəsində 5400-ə yaxın adam öldürülüb, BMT deyir.
Mənbə: Milli.Az