Dünən axşam Gümrü şəhərində Şirak vilayətinin prokurorluğu qarşısında avtoyürüş də keçirilib. Yürüş iştirakçıları 2 gün qabaq həbs edilmiş 22 yaşlı Mnasakan Aleksanyanın azad edilməsini tələb ediblər. Təntənəli yürüş iştirakçılarının yaydığı bəyanatda deyilir: “Biz qatil Valeri Permyakovun Ermənistanın hüquq-mühafizə orqanlarına təhvil verilməsi üçün təşkil olunan etiraz aksiyasında polisin iştirakçılara qarşı zorakılıq əməllərini pisləyərək, aksiyanın gedişatında insanların davranışını, onların bütün ciddiliyi ilə emosiyalarını qorumasını qiymətləndirərək, bəzi aksiya iştirakçıları barəsində açılan cinayət işinin dayandırılmasını və Mnasakan Aleksanyanın azadlığa buraxılmasını tələb edirik”.
Gümrüdə dünənki yürüş göstərir ki, Ermənistanda Rusiya əleyhinə hərəkatın yeni dalğası başlayır. İstər erməni, istərsə də xarici mətbuatda Gümrüdə baş verənlər və hadisələrin sonrakı inkişafı barədə çox şeylər yazırlar. Aydındır ki, gündəm hələ bir müddət belə davam edəcək. Əksəriyyətin gəldiyi qənaət budur ki, Avetisyan ailəsində qətl, Ermənistan hökumətinin hadisəyə münasibəti, yanvarın 15-də keçirilən etirazlar, polislə qarşıdurma, daha doğrusu, erməni polisinin vəhşiliyi Ermənistanda hökumətin olmadığını göstərir. Və gəlinən qənaət budur ki, Gümrü hadisələri Sarkisyanın növbəti uğursuzluğudur. Onun yürütdüyü daxili və xarici siyasət sayəsində Ermənistan hörmətsiz və cılız bir ölkəyə çevrilib. Ölkə elə bir vəziyyətdədir ki, kiçik bir qığılcımdan böyük partlayış baş verə bilər. Gümrü olayları bunu bir daha sübut etdi. Hazırda İrəvanla Moskva arasında münasibətlərin pozula biləcəyi ehtimalı da güclüdür. Lakin bunu mərkəzi hakimiyyət yox, sadə ermənilər istəyir. Mərkəzi hakimiyyətin yanaşması isə İrəvan rejiminin həqiqətən də Rusiyanın forpostu olmasını bir daha sübut etdi. Məlumdur ki, Ermənistan iqtisadiyyatı hazırda 70-80 faiz Rusiyadan asılıdır. Rusiyanın ərazisində milyonlarla erməni miqrant yaşayır və hər bir tələb onlara qarşı adekvat addımların atılmasına gətirib çıxaracaq. Eyni zamanda, Ermənistanın hərbi potensialı da əsasən Rusiyanın 102 saylı hərbi bazası ilə sırf bağlıdır və bu bazada çoxsaylı erməni iş yerləri ilə təchiz edilib. Bəllidir ki, Gümrü şəhərində bir ailənin 7 üzvünü qəddarcasına qətlə yetirən Permyakov erməni tərəfə təhvil verilməyəcək və hərbçi olduğu üçün istintaqı hərbi prokurorluq aparacaq. Lakin buna baxmayaraq, Rusiya tərəfi narahatdır və buna görə də Rusiya Federasiyası müdafiə nazirinin müavinlərindən birinin rəhbərliyi ilə orada xüsusi komissiya işləyir. Çünki xarici dövlətin ərazisində yerləşən hərbi bazanın nümayəndəsi qəddarcasına qətl hadisəsi törədib, məhz buna görə də yerli vətəndaşların iradına və hərbçilərə qarşı hər cür neqativ hərəkətlərə gətirib çıxara bilər. Bu da göz qabağındadır. Erməni siyasiləri bildirir ki, baş vermiş olay daha çox ermənilər və rus hərbçiləri arasında gərginliyə səbəb olacaq. Erməni rəhbərlər bundan sığortalanmaq məqsədilə istintaqın məhz hərbçilər tərəfindən aparılmasına razılıq verəcək, qətlə yetirilənlərin yaxınlarına maddi kompensasiya tələbi ilə çıxış edəcəklər. Öz növbəsində Rusiya tərəfi də bu variantla razılaşacaq. Çünki hər cür iğtişaş baş verə bilər. Bu isə Ermənistan hakimiyyətinin xeyrinə deyil.
Son məlumatlara görə, Ermənistanın baş prokuroru Gümrüdə bu il yanvarın 15-də keçirilən etiraz aksiyası zamanı saxlanılmış Mnasakan Aleksanyana qarşı açılan cinayət işinin dəyişdirilməsi barədə tapşırıq verib. Bu barədə Ermənistanın İstintaq Komitəsinin mətbuat katibi Sona Truzyan bildirib. O deyib ki, Aleksanyan yaşadığı yeri dəyişməmək şərti ilə azadlığa buraxılıb. O da qeyd edilir ki, “Daşnaksütyun” partiyası və ASALA terror təşkilatının tərəfdarlarının Gümrüdəki bazaya və bu şəhərdəki Rusiya konsulluğuna hücumunun qarşısı polis tərəfindən alınsa da, şəhərdə vəziyyət gərgin olaraq qalır. Bildirildiyinə görə, Gümrüdəki “Daşnaksütyun” partiyasının yerli qərargahında İrəvandan və xaricdən onlarla gənc erməni toplaşıb. Yayılan xəbərlərdə deyilir ki, Gümrüdəki vəziyyətin gərginləşməsi və nəzarətdən çıxması ehtimalı yüksək olduğundan Serj Sarkisyan gücsüzlüyünü Rusiya prezidenti Vladimir Putinə rəsmən etiraf edərək ondan kömək istəyib. Hazırda Gümrüdə qulluq edən rus əsgər və zabitlərinə bazanın ərazisini silahsız tərk etməmək göstərişi verilib. Faktiki olaraq şəhərdə fövqəladə vəziyyətin hökm sürdüyü deyilir.
Mənbə: Mİlli.Az