Qadin.NET / Ermənilərə Ramil cavabı

Ermənilərə Ramil cavabı

 

Ermənilərə Ramil cavabı

Ötən ilin iyulunda ermənilər tərəfindən Kəlbəcərdə girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyev qondarma məhkəmə tərəfindən çıxarılan qərara görə həbsdə saxlanılırlar. Ata-baba yurdlarını ziyarət etmələrinə görə biri 22 il o, biri ömürlük azadlıqdan məhrum edilən girovlarımızın çox keçmədi ki, azad olunmağa şansları olduğu ortaya çıxdı, amma nəyin bahasına?
Qondarma rejim Azərbaycanın işğal olunmuş torpaqlarında yaxınlarının qəbrini ziyarət etməyə gedərkən girov düşən azərbaycanlılardan birini erməni zabit Qurgen Markaryanı öldürən Ramil Səfərovla dəyişməyə hazırdı. Belə bir sərsəm, heç bir məntiqə sığmayan, hüquqa zidd bəyanatla qondarma rejimin nümayəndəsi David Babayan çıxış edib. O söyləyib ki, Kəlbəcərli girovların birtərəfli qaydada qaytarılması mümkün deyil.
Erməni tərəfinin bəyanatına Azərbaycanın hakim partiyasından açıqlama gəlib. YAP-ın icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov mətbuata açıqlamasında bu təklifin erməni xislətinin, saxtakarlığının növbəti nümunəsi adlandırıb. 
“Ermənilər Azərbaycanı, vətəndaşlarımızı təhqir etməklə Ramil Səfərovu cinayətə sövq etmişdi. Biz bunu cinayət hesab etmirdik. Bizim iki vətəndaşımız isə sadəcə olaraq ata-baba yurdunu görməyə gedib. Hər hansı qanunu pozmayıb. Qanunu pozan həmin saxta qurumun rəhbəridir. Onun Xocalı faciəsində əli var, haqqında cinayət işi də var. Bu cür insanlara qarşı beynəlxalq tribunalarda, o cümlədən məhkəmələrdə cinayət işləri qaldırılmalıdır”, – deyə Siyavuş Novruzov bildirdi. 
Milli Məclisin təhlükəsizlik və müdafiə komitəsinin üzvü, millət vəkili Zahid Oruc isə qeyd edir ki, ermənilər tarixən qətlə yetirdikləri insanları bu cür sövdələşmələrlə dəyişməyə can atıblar. Eyni aqibətlə Azərbaycan da Xocalı kimi soyqırım aktına imza atmış, minlərlə şəhidimizin qətlində əli olan şəxsləri tələb edir:
“Ermənilər törətdikləri qətllərin əvəzini ödəməyiblər. Onun əvəzi olaraq Azərbaycan Sarkisyanı 20 min şəhdimizin qanında rol oynamış, qətlində rol oynamış insanları tələb edir”.
Deputat hesab edir ki, Ermənistan bu bəyanatı tanınmayan qondarma rejimin adından yaymaqla, azərbaycanlılara saxta məhkəmə qurmaqla, Dağlıq Qarabağı qanuniləşdirəcəklərinə bel bağlamaq istəyir. Lakin bu tip bəyanatlar, Qarabağın dövlət strukturları var kimi bir mənzərəni ortaya qoymaq heç bir halda separatçı rejimi tanımaya, Azərbaycanla bərabər münasibətlərə danışıqlara əsas olmayacaq. Azərbaycan, heç bir dövlət, beynəlxalaq təşkilatlar bu qondarma rejimi tanımır.
Azərbaycan prezidenti də dəfələrə bəyan edib ki, biz heç bir halda Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcəyik. 

 

Mənbə: ANS PRESS

6 fevral 2015
GO BACK