Tiflisdə “maqnit adam” Etibar Elçiyev-Budaqlı hər birinin çəkisi 1100 kq olmaqla iki “Nissan” markalı avtomobili 18 kq dəmir konstruksiya üzərində 60 kiloqram çəkidə gənc oturmaqla bioenerji və maqnitin gücü ilə kəndirlə 41 saniyə ərzində 10 metr məsafəyə çəkib və bununla rekord əldə edib. APA-nın məlumatına görə, bu gün keçirilən tədbirdə Etibar Elçiyev-Budaqlının sinəsində çəkiclə 17 kərpic də sındırılıb. Bununla o, 16-cı rekordu qazanıb.
Qafqaz Dünya Rekordları Federasiyasının baş katibi Şota Keldişvili APA-ya açıqlamasında qazanılan hər iki rekord göstəricinin protokollaşdırılaraq Londona və Almaniyaya göndəriləcəyini bildirib: "Biz Etibar Elçiyev-Budaqlının rekordlarına inanırıq. O, keçən il 14 dəfə dünya rekordu əldə edib və İtaliya, Rusiya, İngiltərə, Türkiyə, Almaniya, Çin və digər ölkələrdə də Gürcüstanda nümayiş etdirdiyi rekordları bir daha təzələyib”.
Etibar Elçiyev-Budaqlı APA-ya açıqlamasında yalnız avtomobil çəkmək və kərpic sındırmaq deyil, eyni zamanda bədənində olan bioenerji ilə insanları müalicə etdiyini bildirib: “Biz nəzərə aldıq ki, hər iki maşını 10 metr çəkək. Bu rekord ilin axırına kimi davam edəcək və sonda ilin dünya rekordçusu məlum olacaq”.
Sonda Qafqaz Dünya Rekordları Federasiyası tərəfindən E. Elçiyev-Budaqlıya yeni rekordların şəhadətnaməsi və medallar təqdim olunub.
Mənbə: Milli.Az