"Artıq Azərbaycandan müxtəlif şəxslərin təsiri altına düşərək xarici ölkələrdəki silahlı münaqişəyə gedən adamlar son dövrdə, demək olar ki, yox dərəcəsindədir. Belə faktlar artıq yoxdur. Oraya gedib, qayıdanlar da qanun qarşısında cavab verməli olurlar və cavab verəcəklər. Biz ölkəmizi kimlər üçünsə təcrübə meydanına çevirməyə imkan verməməliyik. Azərbaycan cəmiyyəti hansısa radikal dini təsir atlına düşən cəmiyyət deyil. Biz oturuşmuş müsəlman ölkəsiyik. Burada nə xristian missionerliyi, nə də özünü islama aid edən radikal qruplar meydan aça biləcək". Bunu Trend-in sualını cavablandıran Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı deyib.
M.Qurbanlı qeyd edib ki, Azərbaycandakı məscidlərin böyük əksəriyyəti Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) birbaşa dini rəhbərliyi ilə idarə olunur, axundlar və imamlar təyin edilir. Eyni zamanda, DQİDK tərəfindən orada qanunlara əməl edilməsinə nəzarət olunur.
Komitə sədri bildirib ki, əgər hansısa məsciddə xütbə zamanı orada çalışan imam və ya axund qanunvericiliyə zidd hərəkət edirsə, xütbəsində dini ədavəti qızışdıran çağırışlar edirsə və yaxud gəncləri, orada iştirak edən insanları başqa çağırışlarla yolundan çıxarmağa çalışırsa, bizə bu fakt daxil olan kimi müvafiq dini idarə ilə əlaqə saxlanılır: "Əgər belə bir imam və ya axund aşkar edilirsə, onun çalışmasına imkan verilmir və verilməyəcək də! Biz hər hansı xırda dini təriqəti, cərəyanı təşviq edərək Azərbaycanda dini qarşıdurma yaratmaq istəyən hər kəsin qarşısındayıq və qarşısını alacağıq! Hüquq-mühafizə orqanları, vətəndaşlarımız alacaq! DQİDK və QMİ bununla məşğuldur. Biz radikalizmin Azərbaycanda kök atmasına, intişar tapıb genişlənməsinə heç cür imkan verə bilmərik və verməməliyik! Bütün cəmiyyət buna qarşıdır".
M.Qurbalı bildirib ki, Azərbaycanda kimlərisə tovlayaraq Suriyaya və ya başqa ölkələrə silahlı birləşmələrə, hərbi münaqişələrə, döyüşlərə cəlb etmək istəyənlərlər aşkar olunanda onlar qanun qarşısında cavab verməli olurlar: "Onlar haqqında həbs qəti imkan tədbiri seçilir. Bu cür qurumlar və şəxslər varsa, aşkar edilir. Bununla milli təhlükəsizlik, daxili işlər və prokurorluq orqanları ciddi məşğuldur. Bu cür faktlar olduqda müvafiq ciddi tədbirlər görülür".
Mənbə: Milli.Az