Onun sözlərinə görə, insan vəfat edəndə onun məzarı üzərində nişanə olmamalıdır. Qanun qəbul edildikdən sonra məzarın üstündəki sinə və ya başdaşı ilə digər insan məzarı üzərindəki arasında fərq olmayacaq: "Qəbristanlığa girən zaman elə bilirsən ki, muzeyə girirsən. Bu, düzgün deyil. Qəbristanlıqda məzar daşları biri-birindən fərqlənməməlidir. Bununla bağlı qanun layihəsi də hazırlanıb və Nazirlər Kabinetinə təqdim olunub. Məqsəd islami dəyərlərin qorunmasıdır".
Özəl qəbristanlıqlar məsələsinə gəlincə, Komitə sədrinin sözlərinə görə, hansısa şirkət və qurum yer götürəcək və orada qəbristanlıq yaradacaq: "Orada dövlətin qəbul etdiyi qaydalara uyğun qəbristanlığın mühafizəsi, abadlaşdırılması və qəbirlərin yerləşdirilməsilə bağlı məsələlər yeri icra hakimiyyətlərinin və bələdiyyələrin nəzarətində olacaq".
M.Qurbanlı qeyd edib ki, hazırda qəbir yerlərinin pulla satılması düzgün deyil: "Belə bir məsələ yoxdur və olmayacaq da. İndi də qəbir yerləri pulla verilmir. Müəyyən rüsumlar var, amma bu çox cüzi məbləğdir. Bəzi adamlar deyirlər ki, qəbir yerləri satılır, bu düzgün deyil. Qəbir yerləri dövlətin ixtiyarındadır. Əgər kimdənsə qəbir yerlərinə görə yüksək məbləğlər tələb edilirsə, belə halla rastlaşan insanlar müvafiq qurumlara və bizim komitəyə müraciət edə bilərlər".
Mənbə: Milli.Az