Azərbaycan alimləri dünyada ilk dəfə olaraq, bütün vulkanları iki genetik tipə – palçıq vulkanları və palçıq vulkanı təzahürlərinə ayırıblar.Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutundan (GGİ) Trend-ə verilən məlumata görə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Elm Fondunun dəstəyi ilə “Dünya palçıq vulkanları atlası” ilk dəfə nəşrə hazırlanıb. Atlasda Alp-Himalay dağları və Sakit okeanın əhatə etdiyi tektonik qurşaqlarda yerləşən 42 ölkədə, habelə Xəzər, Qara və Aralıq dənizlərinin dərinliklərində intişar tapmış palçıq vulkanları üzrə materiallar ümumiləşdirilib, təhlil edilib.Atlasda vulkanların morfologiyası, struktur mövqeyi və püskürmə məhsulları ətraflı şərh olunur. Burada yarım əsr ərzində palçıq vulkanlarını öyrənən Azərbaycan alimlərinin əvvəllər əldə etdikləri nəticələr qlobal miqyasda təsdiqini tapır. Belə ki, palçıq vulkanlarının əmələ gəlməsi və təzahür mexanizminin 15-20 kilometr dərinliklərdə gedən geodinamik şərait və termodinamik proseslərlə əlaqədar olması barədə alimlərimizin fikirləri atlasın əhatə etdiyi ölkələrin tədqiqatçılarının məlumatları ilə üst-üstə düşür.
İnstitutdan bildirilib ki, Yer kürəsində 2500-dən artıq palçıq vulkanı müəyyən edilib. Onların 350-dən çoxu Azərbaycanda yerləşir.
Atlasdakı bütün vulkanlar ilk dəfə olaraq iki genetik tipə – palçıq vulkanları və palçıq vulkanı təzahürlərinə ayrılır. Buradakı bütün məlumatlar dünya üzrə palçıq vulkanlarına dair aparılmış 600-dən çox ədəbiyyat materialının tərcüməsi və təhlili nəticəsində əldə olunub.
Atlasda 450 rəngli şəkil, o cümlədən xəritə və sxemlər, yer üzərində, peyk və hava nəqliyyatından çəkilmiş 340 foto, 136 cədvəl verilib. Atlas hər biri 320 səhifə olan azərbaycanca, ingilis və rus variantlarında hazırlanıb. Atlasın İtaliyada nəşr edilməsi nəzərdə tutulur.
Mənbə: Milli.Az