Tayvanda qəzaya uğrayan “TransAsia Airways” laynerinin pilotunun məharəti dünya mətbuatının gündəminə düşüb.ANS PRESS-in məlumatına görə, çərşənbə günü Tayvanın paytaxtı Taybeydə qəzaya uğrayan “TransAsia Airways” laynerinin pilotu 42 yaşlı Liao Çen-Sunq möcüzəvi manevri səbəbilə qəhrəman elan edilib. ATR-72 tipli sərnişin təyyarəsi çərşənbə günü Taybeydə Sonqşan hava limanından Kinmen şəhəri istiqamətinə uçarkən 3 dəqiqə sonra mühərriki dayanıb, qəhrəman pilot isə şəhərin mərkəzinə düşəcək laynerin istiqamətini dəyişib və layner Szilun çayına düşüb. İçərisində 53 sərnişin və 5 ekipaj üzvü olan layner qəza nəticəsində üç hissəyə bölünüb.
Son məlumatlara əsasən, 31 nəfərin cəsədi aşkar edilib, 15 nəfərin xəsarət alaraq xilas edildiyi, 12 nəfərin isə itkin düşdüyü bildirilir.
Beynəlxalq agentliklər və dünya mətbuatı pilotu göstərdiyi manevrlə 11 sentyabr hadisəsinə oxşar bir faciənin qarşısını aldığı üçün cəsarətinə görə təqdir edilib. Əgər, o layneri çaya salmasaydı çox sayda insan itkisi baş verə bilərdi.
Xatırladaq ki, ötən ilin iyul ayında “TransAsia” havayollarına məxsus başqa bir təyyarə Tayvanın Penqu arxipelaqı yaxınlığında fırtına səbəbilə qəzaya uğramış və qəzada 48 nəfər dünyasını dəyişmişdi.
Mənbə: ANS PRESS