“İndiki mərhələdə hökumət təbii qazın qiymətinin artmasından qaçmalıdır”. APA-nın “Georgia Online” portalına istinadən verdiyi məlumata görə, bu barədə hökumətin iclasında Gürcüstanın baş naziri İrakli Qaribaşvili bildirib.
O bildirib ki, artıq bununla bağlı məsələnin təhlil edilməsi və detallı araşdırılması üçün İqtisadi Şuraya tapşırıq verib. Bundan sonra hökumət qazın qiymətinin artırılmasından yan keçməsi üçün yollar axtaracaq.
Baş nazir həmçinin hökumət üzvlərinə Azərbaycan tərəfi ilə qazın qiymətinin artırılması məsələsinin bir müddət uzadılması üçün vaxt istəmələrini tapşırıb.
“Bizim Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) nümayəndələri ilə təmaslarımız olub və onlar bu məsələ ilə bağlı danışıqlara hazırdırlar. Baş nazirin hər iki müavini İqtisadi Şura ilə birgə bu məsələni təcili həll etməyə çağırmalıdır. Ola bilsin ki, biz Azərbaycan tərəfindən sözügedən məsələnin baxılmasını təxirə salmaq üçün xahiş etdik. Hesab edirəm ki, qiymət artımından qaçmaq üçün müəyyən yollar var”, - deyə baş nazir bildirib.
Qeyd edək ki, “Kaztransqaz Tbilisi” şirkəti hüquqi şəxslərin istifadəsi üçün nəzərdə tutulan təbii qazın qiymətini artırıb. Şirkət rəsmilərinin yaydığı məlumata görə, qiymət artımı Gürcüstanın milli valyutası olan larinin ucuzlaşması ilə bağlıdır. Belə ki, şirkət təbii qazı SOCAR-dan alır. Gürcüstanın Qaz və Neft Korporasiyası fiziki şəxslər üçün qazı güzəştli qiymətlə alır. Hüquqi şəxslər və şirkətlər üçün isə buna görə daha çox pul verməli olurlar.
Mənbə: Milli.Az