"Son 20 ildə Bakı-Vaşinqton arasında əlaqələr dinamik şəkildə inkişaf edir. Xüsusilə enerji sahəsindəki əməkdaşlıq ürəkaçandır və uğurla davam edir. Mən qarşılıqlı münasibətlərin inkişafına və böyük dəstəyə görə Birləşmiş Ştatlara təşəkkürümü bildirirəm."
ANS PRESS-in məlumatına görə, bunu Amerika Konqresinin Vaşinqtondakı "Capitol Hill" klubunda “Xəzər hövzəsində geosiyasətə və ABŞ-Azərbaycan münasibətlərinə” həsr olunmuş tədbirdə ölkəmizin ABŞ-dakı səfiri Elin Süleymanov deyib.
Diplomat iki ölkə arasında əməkdaşlığın yalnız energetika sahəsini əhatə etmədiyini söyləyib: "Azərbaycan Hava Yolları" və "Boinq" şirkətləri arasındakı əməkdaşlıq, ABŞ-da hazırlanmış ilk Azərbaycan peykinin orbitə buraxılması buna misaldır."
E.Süleymanov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ABŞ-ın diplomatik səylərini müsbət qiymətləndirib.
“The Washington Times” qəzetinin redaktoru Con Solomonun sədrliyi ilə baş tutan tədbirdə Azərbaycan parlamentinin Beynəlxalq əlaqələr komitəsinin sədri Səməd Seyidov və deputat Asim Mollazadə də iştirak ediblər.
S.Seyidov deyib ki, Azərbaycan-ABŞ münasibətləri regionun gələcəyi üçün mühüm əhəmiyyətə malikdir. Bu münasibətlər bəzən insan hüquqlarına aid daha az əhəmiyyətli məsələlərdən təsirlənir və Azərbaycanın Avropa və Birləşmiş Ştatlarla daha yaxın münasibətlər qurmaq səylərinə ziyan vurur.
“The Washington Times” qəzeti yazır ki, rəsmi Bakı xəbərdarlıq edib ki, belə getsə, Vaşinqton bu regiona təsir imkanlarını itirə bilər.
A.Mollazadə Azərbaycanın hərbi kontingentinin Əfqanıstandakı xidmətindən, Azərbaycan-İsrail münasibətlərinin inkişafından söz açıb.
Mənbə: ANS PRESS