Bu gün Ukrayna parlamenti Viktor Yanukoviçi fəxri prezident rütbəsindən məhrum edib.Bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verir.Ali Radanın iclasında bu qərarı 281 deputat dəstəkləyib.
Ukrayna Konstitusiyasına görə, əgər dövlət başçısı impiçment qaydasında vəzifəsindən kənarlaşdırılmayıbsa, Ukrayna prezidentinin rütbəsi qanunla qorunur və ömürlük onda qalır. V.Yanukoviç barəsində bu prosedur tətbiq edilməyib.
Ali Rada öz qərarı ilə müəyyən edib ki, V.Yanukoviç Konstitusiya səlahiyyətlərini icra etməkdən özü kənarlaşıb və "öz öhdəliklərini icra etmir".
Sənədə izahedici qeyddə bildirilir ki, V.Yanukoviç öz hərəkətləri ilə "hakimiyyəti qəsb edib, Ukraynanın milli təhlükəsizliyi və müdafiəsinin əsaslarının dağılmasına səbəb olub" və hazırda axtarışdadır.
Sənəddə deyilir: "Yuxarıda göstərilənlərlə əlaqədar Ukrayna prezidenti səlahiyyətlərinin icrasından qeyri-konstitusiya üsulu ilə geri çəkilən və Ukrayna dövlətinin ərazi bütövlüyünü və müstəqilliyini təhdid altında qoyaraq vətəndaşların hüquq və azadlıqlarının kütləvi şəkildə pozulmasına gətirib çıxaran Yanukoviçin rütbəsindən məhrum edilməsi haqqında məsələnin həllinə ehtiyac var".
Xatırladaq ki, V.Yanukoviç 2010-cu il fevralın 25-də Ukrayna prezidenti seçilmişdi. 2014-cü il fevralın 22-də ölkədə dövlət çevrilişi baş vermişdi.
Mənbə: Milli.Az